“Mançester Yunayted” İngiltərə Liqa Kubokundan kənarda qaldı, “Aston Villa” 1/8 finala yüksəldi - VİDEO

17 Sentyabr 2026 01:19
86
“Mançester Yunayted” İngiltərə Liqa Kubokundan kənarda qaldı, “Aston Villa” 1/8 finala yüksəldi

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 1/16 finalında “Brayton”a məğlub olaraq mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, dramatik keçən qarşılaşmanın əvvəlində mankunianlılar 10-cu dəqiqəyə qədər iki qol vuraraq 2:0 hesabı ilə önə keçiblər.

Qollardan birini 19 yaşlı Şi Leysi vurub. Bu, onun “Mançester Yunayted”in əsas komandasında ilk qolu olub. Meyson Maunt da fərqlənib və 2026-cı ildə ilk qolunu vurub.

Fasilədən sonra isə “Brayton” oyunun gedişini dəyişib. Komanda əvvəlcə hesabı bərabərləşdirib, daha sonra üçüncü qolu vuraraq qələbə qazanıb. Beləliklə, “Mançester Yunayted” turniri tərk edib, “Brayton” isə 1/8 finala yüksəlib.

Mərhələnin digər oyununda “Aston Villa” səfərdə “Koventri”ni 3:1 hesabı ilə məğlub edib.

Birmingemlilər 7-ci dəqiqədə Temmi Abrahamın qolu ilə hesabı açıblar. 27-ci dəqiqədə Viktor Torp tarazlığı bərpa edib. Fasiləyə qədər Ross Barkli “Aston Villa”nı yenidən önə keçirib. Abraham isə 59-cu dəqiqədə dubl edərək yekun hesabı müəyyənləşdirib.

Digər qarşılaşmalarda “Everton” “Vulverhempton”u 1:0, “Flitvud” isə “Şeffild Yunayted”i 1:0 hesabı ilə məğlub edib.

Beləliklə, “Brayton”, “Aston Villa”, “Everton” və “Flitvud” İngiltərə Liqa Kubokunda mübarizəni davam etdirəcəklər.

İdman.Biz