İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandasının UEFA Millətlər Liqasında əsas məqsədinin birinci yeri tutmaq olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis bu turnirdən Avropa çempionatına hazırlıq üçün maksimum yararlanmaq istədiklərini bildirib.
“Məqsədim birinci yeri tutmaqdır. Komandanın da buna can atmaması məni təəccübləndirərdi. Finalı İspaniyada keçirmək istəyirik. Ortada böyük mükafatın olduğu belə gərgin anlara ehtiyacımız var. Millətlər Liqasından Avropa çempionatına mümkün qədər yaxşı hazırlaşmaq üçün istifadə etmək niyyətindəyik”, - deyə Tuxel vurğulayıb.
Baş məşqçi noyabrın 12-də Xorvatiyaya qarşı keçiriləcək görüşün əhəmiyyətindən də danışıb:
“Mənim üçün Xorvatiya ilə oyun son dərəcə vacibdir. Xüsusilə onlarla əvvəlki qarşılaşmamızın nəticəsini nəzərə alsaq, bu görüşün əhəmiyyəti daha da artır. Həmin nəticə ədalətli idi. Amma o vaxt necə oynadığımızı və nə qədər səy göstərdiyimizi xatırlamalıyıq. İndi yenidən yüksək səviyyəli oyun nümayiş etdirməliyik. Xorvatiya İspaniyaya qarşı çox yaxşı çıxış etdi və qələbəyə çox yaxın idi”.
Tuxel qısa müddətdə iki güclü rəqiblə qarşılaşacaqlarını da qeyd edib:
“Hazırlıq üçün cəmi iki günümüz var - çərşənbə axşamı və çərşənbə. Bu müddətdə meydanda oyun sxemlərimizi və üslubumuzu bərpa etməyə çalışacağıq”.
Qeyd edək ki, İngiltərə millisi noyabrın 12-də Xorvatiyanı qəbul edəcək, 15-də isə İspaniya ilə qarşılaşacaq.
