ABŞ və Kanadanın peşəkar futbol liqası olan MLS (Major League Soccer) və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun 1/4 final mərhələsində "İnter Mayami" doğma meydanda "Şarlott"u 4:0 hesabı ilə məğlub edib.
İdman.biz xəbər verir ki, görüş Fort-Loderdeyl şəhərində (Florida ştatı, ABŞ) baş tutub.
Qalib komandanın qollarını Xosef Martines (12-ci dəqiqə, penaltidən), Robert Teylor (32), Lionel Messi (86), 78-ci dəqiqədə isə "Şarlott"un müdafiəçisi Adilson Malanda öz qapısına vurub.
Messi "İnter Mayami"də beşinci oyununu keçirib və hər birində qol vurub. Argentinalı hücumçunun səkkiz qol və bir məhsuldar ötürməsi var.
Yarımfinalda "İnter Mayami" Meksika "Keretaro"suna 2:1 hesabı ilə qalib gələn "Filadelfiya" ilə qarşılaşacaq. Görüş avqustun 16-da baş tutacaq.
Qeyd edək ki, MLS-də mövsümü avqustun 21-də start götürəcək, "İnter Mayami" ilk matçını "Şarlott"a qarşı keçirəcək.
İdman.biz