Yeton Bekiri birlikdə çempionluq qazandığı mütəxəssisi “Qəbələ”yə gətirdi - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

17 Sentyabr 2026 11:01
126
Yeton Bekiri birlikdə çempionluq qazandığı mütəxəssisi “Qəbələ”yə gətirdi - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Qəbələ” futbol klubunun yeni baş məşqçisi Yeton Bekirinin köməkçilərindən birinin adı məlum olub.

“Qırmızı-qaralar”ın mətbuat katibi Elnur Məmmədli İdman.Biz-ə açıqlamasında bildirib ki, Burhan Emurllai şimali makedoniyalı çalışdırıcının əsas köməkçisi olacaq.

Emurllai daha əvvəl də Bekiri ilə birlikdə çalışıb. Onlar 2024/2025 mövsümündə “Şkendiya”nın heyətində Şimali Makedoniya çempionu olublar.

Qeyd edək ki, Yeton Bekiri “Qəbələ” ilə 1+2 illik müqavilə imzalayıb. 44 yaşlı mütəxəssis yeni vəzifəsinin icrasına sentyabrın 20-dən başlayacaq.

“Qəbələ” yeni mövsümə Kaxaber Tsxadadzenin rəhbərliyi altında başlayıb. Lakin Azərbaycan Premyer Liqasındakı uğursuz startdan sonra klub avqustun 31-də gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Komanda ilk üç turda cəmi bir xal toplayıb, iki dəfə məğlub olub və bir dəfə heç-heçə edib. Bu oyunlarda “Qəbələ” qol vura bilməyib.

Tsxadadzenin gedişindən sonra komandanın hazırlığını məşqçilər korpusu həyata keçirib. “İmişli” ilə növbəti rəsmi oyunun 2:1 hesabı ilə başa çatdığı qarşılaşmanın protokolunda isə “Qəbələ”nin məşqçisi kimi Manaf Kələntərli göstərilib.

İdman.Biz