Şotlandiya U-21 millisinin yeni baş məşqçisi Toni Doçerti Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Bolqarıstanla keçiriləcək oyunlardan danışıb.
İdman.Biz xəbər verir ki, 55 yaşlı mütəxəssis komandanın pley-offa yüksəlmək şansının hələ də qaldığını bildirib.
Doçerti qeyd edib ki, Şotlandiyanın qarşısında son iki oyunda qələbə qazanmaq və Çexiyanın xal itirməsini gözləmək vəzifəsi dayanır.
“Seçmə mərhələni keçmək üçün kiçik də olsa, şansımız var. İki oyunun hər ikisində qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Nəticə növbəti seçmə mərhələdə hansı səbətdə – üçüncü, yoxsa dördüncü səbətdə – yer alacağımıza da təsir göstərəcək. Buna görə də istənilən halda Azərbaycan və Bolqarıstana qalib gəlməliyik”, – deyə baş məşqçi deyib.
Şotlandiyanın U-21 millisinin ilk heyətinə 7 debütant daxil edilib. Doçerti bildirib ki, milli komandaya seçim futbolçuların performansına əsaslanır.
“Milliyə seçim tamamilə performansa əsaslanır. Bunun yaxşı nümunəsi həmin səviyyədə çox yaxşı çıxış edən gənc futbolçudur və düşünürəm ki, o, buna görə mükafatlandırılmalıdır”, – mütəxəssis Kayl Qlazqonun dəvətindən danışarkən bildirib.
Qeyd edək ki, Şotlandiya U-21 millisi sentyabrın 30-da Kilmarnokdakı “Raqbi Park” stadionunda Azərbaycanı qəbul edəcək. Şotlandlar oktyabrın 6-da isə səfərdə Bolqarıstanla qarşılaşacaq.
B qrupunda turnir cədvəlinə 19 xalla Portuqaliya başçılıq edir. Çexiya 14 xalla ikinci, Şotlandiya və Bolqarıstan isə hərəyə 11 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıb. Azərbaycan 7 oyundan sonra 6 xalla 5-ci, Cəbəllütariq isə xalsız sonuncudur. Şotlandiya ikinci pillədəki Çexiyadan 3 xal geri qalır.
