Üçü fəth edən gənclər - TƏHLİL

Təhlil
8 İyun 2024 14:40
326
Üçü fəth edən gənclər - TƏHLİL

Musa Qurbanlı Azərbaycan millisində 3-cü qolunu vurub.

İdman.biz xəbər verir ki, "Yurqorden"in futbolçusu buna Albaniya ilə yoxlama oyununda nail olub.

Millimizin 1:3 hesabı ilə uduzduğu görüş forvardın yığmada 13-cü matçı olub. Musa qol sayında 3-ə 22 yaş 55 günlüyündə çatıb.

Qurbanlı bu göstəricidə 6-cıdır. Yalnız 5 futbolçu "3"ə daha gənc yaşında çatıb.

Əlçatmaz Vaqif

Millidəki 3-cü qolunu ən gənc ikən vuran Vaqif Cavadovdur. O, 20 yaş 138 günlüyündə buna çatıb. Amma sabiq hücumçu həmin vaxt böyük təcrübəyə də malik olub. Vaqif 3-cü qolunu 26-cı matçında vurub.

Cavadova həsəd aparan "Qızıl oğlan"

Vaqif kimi daha bir oyunçu 21 yaşı olmadan millidəki qol sayında 3-ə çatıb. Bu, futbolumuzun "Qızıl oğlan"ı Zaur Tağızadədir. O, 20 yaş 195 günlüyündə yığmada 3-cü qoluna imza atıb. Həmin vaxt Zaur millidə 11-ci matçına çıxıb.

Elvin "Top-3"də

Üç futbolçu 21-22 yaş aralığında olanda millidə 3-cü dəfə qola sevinib. Onlardan biri Elvin Məmmədov 21-i keçəndən üç ay ötməmiş bunu bacarıb. Onun üçüncü qolu 21 yaş 84 günlüyündə qeydə alınıb. Elvin buna yığmadakı 13-cü görüşündə imza atıb.

Həm sürətli, həm gənc

Üç qol səddinə çatan 4-cü ən gənc futbolçu Rüfət Dadaşovdur. Almaniya futbolunun yetirməsi 21 yaş 320 günlüyündə buna nail olub. Digərlərindən fərqli o, bu rəqəmə dublla çatıb. Rüfət 2-ci və 3-cü qollarına eyni matçda imza atıb. Dadaşov 3-cü qola oyun sayında tez çatması ilə diqqət çəkir. O, milli formadakı 5-ci görüşündə bu rəqəmi fəth edib.

Mahirlə Musanı nə ayırır?

22-ni haqlamadan millidə 3 qol vuran 5-ci və sonuncu oyunçu Mahir Emrelidir. O, "Top-5"də həm yaşına, həm zamana görə sonuncudur. Mahir 21 yaş 342 günlüyündə yığmadakı 3-cü topunu rəqib qapısından keçirib. Musanı qabaqlayan 5-ci və sonuncu olan Emreli ondan 79 gün tez fərqlənib. Mahir buna 16-cı qarşılaşmasında imza atıb.

Qeyd edək ki, millimizin 32 futbolçusu 3 və ya daha çox qol vurub.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: