Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyi münasibətilə maraqlı yoldaşlıq görüşü baş tutacaq.
İdman.Biz xəbər verir ki, oktyabrın 4-də saat 12:00-da stadionun meydanında “Neftçi” (Azərbaycan) və Vilnüsün “Spartak” klubunun veteranları qarşılaşacaqlar.
Görüşün əsas özəlliyi isə onun 75 il əvvəlki tarixi hadisə ilə bağlı olmasıdır. Belə ki, 1951-ci ildə istifadəyə verilən Respublika Stadionunda keçirilən ilk futbol matçında məhz bu iki komanda üz-üzə gəlib.
Həmin qarşılaşma 16 sentyabr 1951-ci ildə baş tutub. O vaxt “Neftçi” “Neftyanik” adı ilə çıxış edirdi. Bakı təmsilçisi ilk matçında Vilnüs “Spartak”ını 4:0 hesabı ilə məğlub edib.
Həmin tarixi oyunun ilk qolunu sonradan Azərbaycan futbolunun ən tanınmış hücumçularından birinə çevrilən Ələkbər Məmmədov vurub. O, görüşdə ümumilikdə iki dəfə fərqlənərək qələbədə əsas rol oynayıb.
Stadionun tarixində bu görüşlə bağlı daha bir maraqlı məqam var. Açılış matçını tribunadan 40 mindən çox azarkeş izləyib. Bəzi statistik məlumatlarda tamaşaçı sayının 45 minə çatdığı qeyd olunur.
Arenanın özü də ötən 75 il ərzində Azərbaycan futbolunun ən mühüm ünvanlarından birinə çevrilib.
Beləliklə, 75 il sonra həmin iki klubun veteranları tarixi qarşılaşmanı simvolik şəkildə yenidən canlandıracaqlar.
