“Qalatasaray” yay transfer dönəmində heyətinə qatmaq istədiyi Bruno Fernandeslə bağlı yenidən hərəkətə keçib.
İdman.Biz xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərlərə görə, portuqaliyalı ulduzun gələcəyi ilə bağlı qeyri-müəyyənlik artır və bir sıra Avropa nəhəngləri onun durumunu izləyir. “Qalatasaray”la yanaşı, “Yuventus” və “Milan”ın da 31 yaşlı futbolçu ilə maraqlandığı bildirilir.
Məlumata görə, “Mançester Yunayted” Bruno Fernandesin müqaviləsində nəzərdə tutulan 1 illik uzatma opsiyasından istifadə edərək futbolçunun satışından gəlir əldə etməyi nəzərdən keçirir.
İngiltərə klubunun bu halda portuqaliyalı yarımmüdafiəçinin transferindən 50-60 milyon funt sterlinq(112 milyon manat) civarında gəlir əldə etməyi hədəflədiyi iddia olunur.
Lakin “Mançester Yunayted” opsiyadan istifadə etməsə, transferin şərtləri tamamilə dəyişə bilər. Belə olan halda Bruno Fernandesin gələcəyi ilə bağlı danışıqların yanvar ayında intensivləşəcəyi gözlənilir. “Qalatasaray” da bu ehtimalı yaxından izləyir.
Fernandesin bir neçə gün əvvəl özünə “Qalatasaraya gəl” deyə səslənən azarkeşə gülümsəyərək cavab verməsi İstanbul klubunun tərəfdarları arasında böyük həyəcan yaradıb.
Üstəlik, portuqaliyalı futbolçu hazırda Portuqaliya millisinin düşərgəsində “Qalatasaray”ın digər ulduzu Rafael Leao ilə birlikdədir. İki futbolçunun eyni komandada olması İstanbul təmsilçisinin azarkeşlərinin mümkün transferlə bağlı ümidlərini daha da artırıb.
“Qalatasaray” yay transfer dönəmində Bruno Fernandes üçün cəhd göstərsə də, “Mançester Yunayted”in futbolçunu satmaq istəməməsi səbəbindən keçid reallaşmayıb.
İngiltərədən gələn son ayrılıq iddialarından sonra İstanbul klubu Fernandesin gələcəyi ilə bağlı vəziyyəti izləməyə davam edəcək. “Yuventus” və “Milan”ın da mübarizəyə qoşulduğu bildirilir.
Bu səbəbdən Fernandesin taleyi ilə bağlı əsas hərəkətliliyin yanvar transfer pəncərəsində yaşana biləcəyi gözlənilir.
