"Qarşıda bizi 2 çətin oyun gözləyir”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov Albaniya ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, millimiz tam heyətlə 3 məşq keçib: “Millətlər Liqası öncəsi son sınaqdır. Hazırlıqları 2 hissəyə bölərdim. Mayın 30-dan başlayaraq, mövsümü tez bitirən oyunçularla hazırlıq keçdik. Komanda şəklində 3 məşq etmişik. Bu məşqlərdə taktiki cəhətdən daha çox işlədik. Bolqarıstanla son oyundakı planımızı daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq oyunu olsa da, qələbə qazanmaq arzusundayıq. Buna nə qədər nail olacağıq zaman göstərəcək”.
Arif Əsədov Albaniya yığmasnın Avropa çempionatına vəsiqə qazanmasının onun gücündən xəbər verdiyini bildirib: "Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadır. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdir. Bu da onların gücünün göstəricisidir. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.
Təcrübəli mütəxəssis millinin baş məşqçisi vəzifəsinin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib: "Komandanı hazırlamaq baxımından problem yoxdur. Yetərincə təcrübəm var. Çalışırıq ki, bu vəziyyətdən daha yaxşı çıxaq. Baş məşqçi statusunu da qorumaq çətindir. Çalışıram ki, xarizmamdan istifadə edib, postu qoruyum".
Qeyd edək ki, Azərbaycan – Albaniya qarşılaşması sabah Macarıstanda keçiriləcək. Oyun Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda saat 21:00-da start götürəcək.
İdman.biz