Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız Albaniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Macarıstanda təşkil olunacaq matç komandamızın tarixində 298-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 297 matça çıxıb.
Bu müddətdə 60 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olub və 159 dəfə uduzub. Əvvəlki 297 qarşılaşmada 228 qol vuran futbolçularımız 489 top buraxıb.
Neytral meydanda təşkil olunacaq qarşılaşma millinin 138-ci yoldaşlıq oyunu olacaq. Bunadək 137 belə matça çıxan komandamız 39 qələbə qazanıb. Albaniya üzərində qalibiyyət əldə edilsə, yoldaşlıq matçlarında yubiley – 40-cı uğur olacaq. 45 heç-heçə edən komanda 53 dəfə uduzub. 130 qol vuran yığma 171 top buraxıb.
Albaniya ilə görüş Arif Əsədovun rəhbərliyi altında 3-cü sınaqdır. Monqolustan üzərində 1:0 hesablı qələbə ilə debüt edən mütəxəssis Bolqarıstanla dueldə sülhə şahid olub – 1:1. Əsədovlu yığma hər qarşılaşmada qol vurub və uduzmayıb.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək yoldaşlıq görüşü saat 21:00-da başlayacaq. Albaniya – Azərbaycan oyunu Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladas SportKomplexum”da keçiriləcək.
Vüqar Xeyrullayev
İdman.biz