“Futbolda belə hallar olur. Bəlkə də penalti epizodu olmasaydı, xal qazana bilərdik”.
Bunu İdman.bizə Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.
Komandanın kapitanı Avropa çempionatının seçmə mərhələsində Türkiyəyə 0:1 uduzduqları matçı şərh edib. O bildirib ki, məğlub olmağa layiq deyildilər: “Rəqib hesabı açdıqdan sonra ruhdan düşmədik. Əzimkar mübarizə apardıq. Oyunun fransalı hakiminin qərarlarının bəzən çox sərt, düzgün olmadığını düşünürəm. Matçda bizim verilməyən bir penalti epizodu da var. Bunu gözümlə görməsəm də, çoxları belə olduğunu dedi. Hətta komanda yoldaşım həmin epizoda etiraz etsə də, hakim bunu görməzdən gəldi. Düşünürəm ki, hücum xəttində düzgün oynamadığımız üçün qol vurmaq şansımız çox olmadı. Amma mübarizə apardıq, ən azı 1 xala layiq idik. Rəqibin penaltidən başqa, ciddi təhlükə yaratdığını düşünmürəm. Kapitan kimi komandam ilə fəxr edirəm”.
Cəfərzadə Türkiyə ilə cavab qarşılaşmasında daha inamlı olacaqlarını deyib: “İndi bizim üçün ən əsası ilk oyunda səhvləri təkrarlamamaq, matçı yaxşı analiz edib Bakıdakı görüşə hazırlaşmaqdır. Burda qələbə qazanmaq üçün hər şey edəcəyik. Yalnız qazanacağımız 3 xal qrupdakı yerimizi yaxşılaşdıra bilər. Komandama çox güvənirəm. Yenidən əzimkar mübarizəni ortaya qoymağa çaılaşacağıq”.
Qeyd edək ki, cavab qarşılaşması iyunun 4-də keçiriləcək.
Emin Ağa
İdman.biz