”Qarabağ”ı 6-cı dəfə qızıl dubl etməsi münasibəti ilə təbrik edirəm”.
İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun prezidenti Tahir Gözəl deyib.
O, Azərbaycan kubokunda "Zirə" (2:1) ilə final matçından sonra jurnalistlərin suallarına cavab verib. Gözəl öncə həlledici matçla bağlı fikirlərini açıqlayıb.
- Sonuncu dəqiqəyə qədər oyunun əlavə vaxtadək uzanacağını gözləyirdim. Rəşad Sadıqovun məharəti görünür. “Zirə” canla-başla sonadək mübarizə apardı. Əlbəttə, çox sevinirəm. Bu qələbə bizi Avropa yolunda daha da motivasiya edir. Klubumuz qarşıda duran vəzifəni böyük məsuliyyətlə dərk edir.
- “Real"ın Çempionlar Liqasını qazanmasından sonra “Qarabağ”ın 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacağı dəqiqləşib. Bu amil komandaya necə təsir edəcək?
- Təbii ki, müsbət təsir edəcək. Ona görə ki, biz məqsədə bir pillə daha yaxın olacağıq. Artıq “Qarabağ” hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Güman edirəm ki, hamımız Qurban Qurbanovla birlikdə ciddi iş görüb yenə millətimizi və cənab Prezidentimizi sevindirəcəyik.
- Çempionlar Liqasının formatı dəyişib. Necə düşünürsüz, “Qarabağ” yeni formatda növbəti mərhələyə vəsiqə qazana bilərmi?
- Turnirdə qarşımıza çıxan rəqiblər çox böyük, nəhəng klublardır. Avropada asan oyun deyə bir şey yoxdur. Əsas odur ki, biz yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ın içində olan döyüşçü ruhu bizi qələbəyə daşıyacaq. Formatdan asılı olmayaraq qələbəyə inanırıq.
Banuçiçək Hüseynli
İdman.biz