Afrika Millətlər Kuboku 21 yeni baş məşqçi ilə başlayır

24 Sentyabr 2026 12:09
73
Afrika Millətlər Kuboku 21 yeni baş məşqçi ilə başlayır

Seçmə mərhələsinin startı ərəfəsində 21 milli komanda yeni baş məşqçi ilə mübarizəyə başlayacaq

Seneqal futbol millisinin yeni baş məşqçisi Patrik Vieyra Afrika Millətlər Kubokunun seçmə mərhələsində ilk rəsmi sınağına çıxacaq.

İdman.Biz xəbər verir ki, 2027-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun qrup seçmə mərhələsi bu gün başlayacaq və 48 milli komanda mübarizəyə qoşulacaq. Onlardan 21-i yarışa yeni baş məşqçi ilə start verəcək.

Vieyra doğulduğu ölkə olan Seneqalın sükanı arxasına keçib. Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu olan mütəxəssis komandanı uğursuz Dünya Kuboku çıxışından sonra qəbul edib. Həmin nəticədən sonra əvvəlki baş məşqçi Pape Buna Tiau vəzifəsini itirib.

Seneqal Vieyranın rəhbərliyi altında bu ay evdə oynamayacaq. Komanda səfərdə Mozambik və Efiopiya ilə qarşılaşacaq, daha sonra Marseldə Komor adaları ilə yoldaşlıq görüşü keçirəcək.

Seçmə mərhələsində bir sıra tanınmış mütəxəssislər də yeni komandalarla işə başlayıb. 2021-ci ildə Seneqalla Afrika Millətlər Kubokunu qazanan Aliu Sisse hazırda Anqolanı çalışdırır. Onun komandası ilk oyununda Qahirədə Misirin qonağı olacaq.

Erve Renar isə Kot-d’İvuar millisinin baş məşqçi postuna qayıdıb. 2012-ci ildə Zambiya, 2015-ci ildə isə Kot-d’İvuarla qitə çempionu olan fransalı mütəxəssisin komandası Qana ilə qarşılaşacaq.

78 yaşlı Klod Le Rua da yenidən Afrika futboluna qayıdıb. O, Konqo millisini çalışdıracaq və komanda ilk matçda Namibiyanın qonağı olacaq. Bu, fransalı mütəxəssisin milli komanda səviyyəsində 12-ci təyinatıdır. Le Rua Afrika Millətlər Kubokunun final mərhələlərində doqquz turnirdə iştirak və 38 oyun keçirməklə rekordçudur.

İdman.Biz