İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel İspaniya ilə UEFA Millətlər Liqası matçı ərəfəsində irqçilik mövzusunda yaranan mübahisəyə görə yerli jurnalistləri tənqid edib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis əvvəlki mətbuat konfransında futbolçularına irqçilik halları ilə bağlı tətbiq olunan protokolları xatırladacağını bildirib. Bununla belə, o, Madriddə keçiriləcək qarşılaşmada belə hadisələrin baş verəcəyini gözləmədiyini vurğulayıb.
Jurnalistlər Tuxelin sözlərini İspaniya millisinin baş məşqçisi Luis de la Fuenteyə çatdırdıqda ispaniyalı mütəxəssis buna etiraz edib:
“Sizə deyə biləcəyim və Tomasa da çatdıra biləcəyiniz budur ki, İspaniyada irqçilik yoxdur. Mən buna qəti əminəm. İngiltərədə olmadığı kimi, İspaniyada da irqçilik yoxdur. Heç birimiz irqçi deyilik”.
De la Fuentenin reaksiyasından xəbər tutan Tuxel isə sözlərinin yanlış təqdim olunduğunu bildirərək jurnalistlərə irad tutub:
“Mən həmkarlarınızın sualına nəzakətlə cavab verdim. Siz isə qaçıb digər məşqçidən soruşursunuz və ona mənim İspaniyadakı irqçilikdən danışdığımı deyirsiniz. Bu, işlərin necə aparıldığının bariz nümunəsidir”.
İngiltərə millisinin çalışdırıcısı heç vaxt İspaniyanı irqçilikdə ittiham etmədiyini xüsusi vurğulayıb:
“Mən heç vaxt İspaniyada irqçilik barədə danışmamışam. Sadəcə, mənə verilən suala nəzakətlə cavab vermişəm. Heç bir irqçilik hadisəsi gözləmirəm. Soyunub-geyinmə otağı dünyada irqçiliyə ən çox qarşı olan yerdir”.
Tuxel jurnalistlərin mövcud olmayan mübahisə yaratdığını da bildirib:
“Siz tamamilə səbəbsiz yerə böyük çaşqınlıq yaradırsınız. Bu, işin necə aparılmamalı olduğunun mükəmməl nümunəsidir”.
Qeyd edək ki, İspaniya və İngiltərə milliləri noyabrın 15-də Madriddə UEFA Millətlər Liqasının altıncı turunda qarşılaşacaqlar.
