Almaniyanın “Bavariya” klubunun üç futbolçusunun gələcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
İdman.Biz “Bayern Insider”ə istinadən xəbər verir ki, tanınmış jurnalist Kristian Falk Maykl Olise və Lennart Karlla müqavilə məsələlərinə, həmçinin Dayo Upamekanonun sərbəstqalma şərtinə aydınlıq gətirib.
Falkın sözlərinə görə, Münhen təmsilçisi Olise ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Bununla belə, Fransa millisinin üzvü ilə yeni müqavilə üzrə rəsmi danışıqlar hələ başlamayıb.
“Olisenin nümayəndələrinin klubla danışıqlar aparması barədə məlumat qismən doğrudur. Lakin hazırda söhbət müqavilə danışıqlarından getmir. “Bavariya” gələn yaya qədər qərar vermək istədiyini futbolçuya bildirib. Onun mövcud müqaviləsinin başa çatmasına üç il qalır. Klub müqaviləni daha iki il uzadaraq maaşını artıra bilər”, - deyə jurnalist bildirib.
Falk qeyd edib ki, “Bavariya” bütün məsələləri eyni vaxtda həll etməyə tələsmir. Klubun prioritetlərindən biri “Qızıl top”un sahibi Harri Keynlə müqaviləni uzatmaq olub. Növbəti mərhələdə isə Olisenin gələcəyi ilə bağlı müzakirələr gündəmə gələ bilər.
Bu vəziyyət 18 yaşlı Lennart Karlın da gələcəyinə təsir göstərir. Jurnalistin məlumatına görə, klub rəhbərliyi gənc futbolçu ilə daxili görüş keçirərək onun inkişafından razılığını ifadə edib. Bununla belə, tərəflər hələ yeni müqaviləni müzakirə etməyiblər.
Karlın illik maaşı təxminən 2,5 milyon avrodur. Münhen klubunda onun müqaviləsi ilə bağlı növbəti addımın Olisenin gələcəyinə dair qərardan sonra atılacağı gözlənilir.
Falkın açıqlamasında ən diqqətçəkən məqamlardan biri isə Upamekanonun müqaviləsindəki sərbəstqalma şərti olub. Jurnalist bu məbləğin təxminən 65 milyon avro təşkil etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, fransalı müdafiəçinin əvvəlki müqaviləsində də oxşar bənd mövcud olub, lakin həmin vaxt məbləğ təxminən iki dəfə yüksək idi.
Yeni müqavilənin müzakirəsi zamanı əsas fikir ayrılığı sərbəstqalma məbləğinin dərhal qüvvəyə minməsi ilə bağlı yaranıb. Buna baxmayaraq, Upamekano klubda qalmaq istədiyini şəxsən rəhbərliyə çatdırıb.
“Upamekano qalmaq istəyirdi. Bir müddət onun ayrılacağı ilə bağlı narahatlıq vardı. Lakin o, klubla birbaşa əlaqə saxlayaraq buranın öz klubu olduğunu və getmək niyyətində olmadığını bildirib. Baş məşqçi Vensan Kompani ilə də yaxın münasibətləri var. Buna görə müqavilədə sərbəstqalma şərti olsa da, onun yaxın gələcəkdə işə düşəcəyini düşünmürəm”, - deyə Falk vurğulayıb.
