Polşanın “Kania Gostin” futbol komandasının müdafiəçisi Oskar Kordus 20 yaşında avtomobil qəzasında həyatını itirib.
İdman.Biz xəbər verir ki, hadisə Polşanın qərbində, Gostin şəhərinin dolama yolunda - Krajevise ilə Qrabonoq arasındakı yolda baş verib.
Məlumata görə, qarşı istiqamətdə hərəkət edən “Volkswagen” marala çırpılıb. Zərbənin təsirindən heyvan havaya qalxaraq əks istiqamətdə BMW markalı avtomobillə hərəkət edən Kordusun ön şüşəsindən içəri girib və futbolçunun üz nahiyəsinə ağır zərbə vurub.
Bundan sonra futbolçunun avtomobili bir neçə dəfə aşıb və yol kənarındakı xəndəyə düşüb. Kordus ağır vəziyyətdə Poznandakı xəstəxanaya çatdırılsa da, həmin gün axşam aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər avtomobilin sürücüsü isə xəsarət almayıb.
