“Bröndbü” azarkeşləri Kopenhagen derbisini pirotexniki şouya çeviriblər - VİDEO

9 Noyabr 2026 00:58
43
“Bröndbü” azarkeşləri Kopenhagen derbisini pirotexniki şouya çeviriblər - VİDEO

Danimarka Superliqasında “Kopenhagen” və “Bröndbü” futbol komandaları arasında keçirilən derbi azarkeşlərin tribunada yaratdığı qeyri-adi atmosferlə yadda qalıb.

İdman.Biz xəbər verir ki, “Parken” stadionunda keçirilən qarşılaşmada qonaq komandanın tərəfdarları genişmiqyaslı pirotexniki şou təşkil ediblər.

İki ildən artıq fasilədən sonra Kopenhagen derbisində səfər tribunasına qayıdan “Bröndbü” azarkeşləri çoxsaylı fişənglərdən və pirotexniki vasitələrdən istifadə ediblər.

Tribunadan yüksələn qatı tüstü səbəbindən qarşılaşmanın başlanması təxminən beş dəqiqə gecikib.

Hadisə “Bröndbü” rəhbərliyinin də narazılığına səbəb olub. Klubun baş direktoru Sören Kristensen azarkeşlərin pirotexniki vasitələrdən geniş istifadəsini pisləyib.

O bildirib ki, səfər azarkeşlərinin derbilərə qayıtması üçün böyük iş görülüb və bu cür hadisələr yeni qadağalara səbəb ola bilər.

Klub rəhbərliyi stadionun videomateriallarını araşdıraraq qaydaları pozan şəxslərin müəyyənləşdiriləcəyini açıqlayıb. Həmin azarkeşləri stadionlara giriş qadağası gözləyə bilər.

Qeyd edək ki, iki komandanın azarkeşləri arasında əvvəlki illərdə baş verən insidentlər səbəbindən derbi qarşılaşmalarında səfər tərəfdarlarının iştirakına məhdudiyyət qoyulub.

İdman.Biz