İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hans-Diter Flik hücumçu Rafinyanın müqaviləsinin 2030-cu ilin yayına qədər uzadılmasına münasibət bildirib.
İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis braziliyalı futbolçunun komandada qalmasından məmnunluğunu ifadə edib.
“Rafinya haqqında yeni bir şey deyə biləcəyimi düşünmürəm. Hər şey həm onun özü, həm də klub üçün ən yaxşı şəkildə nəticələndi. Müqaviləsinin uzadılmasına görə çox minnətdaram. O, inanılmaz futbolçudur, kapitanımızdır və komandamız üçün çox vacibdir”, - deyə Flik bildirib.
Rafinya 2022/2023 mövsümündə “Barselona”ya transfer olunub. Həmin vaxtdan bəri Kataloniya təmsilçisinin heyətində 190 qarşılaşmaya çıxan braziliyalı futbolçu 94 qol vurub.
O, “Barselona” ilə üç dəfə İspaniya çempionu (2022/2023, 2024/2025, 2025/2026), bir dəfə ölkə kubokunun (2024/2025) və üç dəfə İspaniya Superkubokunun (2022/2023, 2024/2025, 2025/2026) qalibi olub.
