"Son Avropa çempionatındakı uğurdan sonra gözləntilərimiz yenə qızıl medaldır".
Bunu İdman.bizə minifutbol üzrə "Aznur"un baş məşqçisi Rəcəb Fərəczadə deyib.
Azərbaycan millisinin sabiq futzalçısı Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında millimizdən gözləntilərni açıqlayıb. O bildirib ki, yığmamıza inamı böyükdür: "Bu dəfə daha çətin olacaq. Çünki son Avropa çempionuna qarşı hər kəs ikiqat məsuliyyətlə hazırlaşacaq. Amma bu, gözləntilərimizi dəyişmir. Avropa çempionluğunu gözləyirik. Üstünlüyümüz isə komandamızın bir qədər də güclənməsi, təcrübəsini artırmasıdır. Son Azərbaycan çempionatı da maraqlı keçdi. 14 komandanın 8-i demək olar ki, yaxşı və maraqlı komandalar idi. Yığmamızın Elşad Quliyevin rəhbərliyi altında yeni uğura imza atacağımıza inanıram".
Fərəczadə milli komandaya seçimi də dəyərləndirib: "Aznur"dan 2 nəfər dəvət alıb. Bunlar Tural Məmmədrzayev və Kamran Qürbətovdur. Hər ikisinin yaxşı, özünəməxsus oyunları var. Döyüşkəndirlər və hər zaman qapıya düşmək haqqında düşünürlər. Millinin məşqçisinin seçimlərinə hörmətlə yanaşıram. Bəlkə də onun yerinə olsaydım, seçimi başqa edərdim. Hər məşqçinin öz seçimi var. Güclülərin millidə yığıldığı fikrindəyəm. Yığmamızın oyunçularının etimadı doğruldub layiqincə mübarizə aparacağına ümid edirəm".
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan Belçika, İtaliya və Fransaya qarşı mübarizə aparacaq. Elşad Quliyevin yetirmələri ilk oyunu iyunun 2-də Belçikaya qarşı keçirəcəklər.
Emin Ağa
İdman.biz