Rəşad Sadıqov: “İstədiyimiz nəticəni əldə edə bildik”

Xəbərlər
25 May 2024 22:52
127
Rəşad Sadıqov: “İstədiyimiz nəticəni əldə edə bildik”

“Çox emosional oyun idi. Futbolçularım soyuqqanlı şəkildə son saniyələrə qədər ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mübarizə aparan rəqib var idi.”

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXVI turunun “Səbail”lə oyununu şərh edib: “Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üzləşəcəkdik. İkinci qolu vurub daha rahat qələbə qazana bilərdik. Futbolçuların üzərində stress var idi. Buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik”.

Rəşad Sadıqov çoxdandır Azərbaycan çempionatında belə gərgin sonluğa şahidlik etmədiyini bildirib: “Belə sonluq mübarizənin içində olan bütün komandalar üçün faydalıdır. Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda "Bakı" səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, digər tərəfdə "İnter" qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq”.

“Zirə”nin baş məşqçisi Azərbaycan kubokunun finalında “Qarabağ”la oyuna da toxunub: “Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. "Qarabağ"ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda "Qarabağ"dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi”.

Qeyd edək ki, “Səbail”i 1:0 hesabı ilə məğlub edən “Zirə” mövsümü 2-ci pillədə başa vurub.

İdman.biz