Siyasət Əsgərov: “Məqsədimiz qrupdakı taleyimizi yaxşıya doğru həll etməkdir” - MÜSAHİBƏ

Xəbərlər
26 May 2024 10:36
201
Siyasət Əsgərov: “Məqsədimiz qrupdakı taleyimizi yaxşıya doğru həll etməkdir” - MÜSAHİBƏ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun İdman.bizə müsahibəsi

- AVRO-2025-in seçmə mərhələsi çərçivəsində mayın 31-də və iyunun 4-də Türkiyə yığması ilə qarşılaşacaqsız. Millinin heyətini formalaşdırarkən əsas nəyi üstün tutduz?

- Millinin futbolçularının bütün oyunlarını çalışdığımız qədər izləyirik. Əksəriyyəti Türkiyə Superliqasında çıxış edir. Əsas ilk “11-li”də yer almalarına, neçə dəqiqə şans qazanmalarına fikir veririk. Hər birini nəzarətdə saxlayırıq. Onların klublarında çıxış etməyi çox önəmlidir. Nə qədər çox meydanda olsalar, millidə o qədər də yaxşı performans sərgiləyəcəklər.

- Səfər görüşü Ərzincanda keçiriləcək. Türkiyə millisinin ilk dəfə burada oynaması hansısa çətinlik yarada bilər?

- Türklərin Ərzincanda oynamasının əsas səbəbi tribunalara daha çox azarkeş cəlb etməkdir. Bu da onlar üçün üstünlükdür. Əsas məqsəd bizi basqıda, təzyiqdə saxlamaqdır. Amma bunun bizim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki hər zaman öz oyunumuza fikir veririk. Matçlarımıza maksimum şəkildə hazırlaşırıq. Dolu tribunalar qarşısında futbol oynamaq bizim üçün üstünlükdür. Bu problem olmayacaq. Legioner həyatı yaşayan qızlarımızın çoxu məhz bu cür atmosferdə oynamağa alışıb.

- Türkiyə ilə matçlarda qarşıya qoyulan hədəf nədir?

- Bu oyunlar qrupdakı mövqeyimizi bəlli edəcək. İstər səfərdəki, istərsə də evdəki oyun çox vacibdir. Maksimum xal toplamağa çalışacağıq. Amma çətin olacağını bilirik. Onlar da bizim kimi C Liqasından B-yə yüksəliblər. Bu oyunlara maksimum hazırlaşırlar. Əgər pley-offa yüksəlmək şansımız varsa, bu 2 matç bizim üçün çox önəmlidir. Maksimum xal istəyirik. Belə olmasa da, hər 2 oyunda minimum 1 xal qazanmağa çalışacağıq.

- İsveçrəyə Bakıda 0:4 hesablı məğlubiyyətindən sonra qızları toparlamaq çətin olmayacaq?

- İsveçrənin qrupumuzda lider olacağını bilirdik. Bu komandanın keyfiyyəti yüksəkdir. Evdə bu hesabla məğlub olmaq istəməzdik. Amma bunun özü də bir təcrübədir. Bu matçdan qabaq Macarıstanla səfər oyununda sona qədər mübarizə aparıb 1 xal qazanmışdıq. Qızlar orda çox güc itirdilər. İsveçrə ilə oyuna tam bərpa oluna bilmədik. Bizim üçün qrupdan necə çıxmağımız, necə pley-offa getməyimiz önəmlidir. Qızlar da bunun mahiyyətini çox yaxşı anlayır.

- Qrupdan çıxmaq şanslarımızın olduğunu düşünürsüz?

- Türkiyə ilə oyunlarda yaxşı nəticələr qazansaq, şanslarımız artacaq. Bu matçlardan sonra evdə Macarıstana qarşı oynamağımız da əlavə üstünlük olacaq. Məqsədimiz məhz Macarıstanla oyuna qədər qrupdakı taleyimizi yaxşıya doğru həll etməkdir.

Emin Ağa
İdman.biz