“1 əldə 3 qarpız tutan” futbolçu: “Böyük komandalarda oynamaq alınmadı” - MÜSAHİBƏ

Müsahibə
18 May 2024 12:05
555
“1 əldə 3 qarpız tutan” futbolçu: “Böyük komandalarda oynamaq alınmadı” - MÜSAHİBƏ

Minifutbol Liqasında “Real Bakı”nın, futbol üzrə II Liqada “Baku Sportinq”in və çimərlik futbolu üzrə Azərbaycan milli komandasının oyunçusu Comərd Baxşəliyevin İdman.bizə müsahibəsi

- Böyük futbolla yanaşı, minifutbol və çimərlik futbolu ilə məşqul olursuz. “Bir əldə 3 qarpız tutmaq” çətin deyil?

- Sentyabrdan çimərlik futbolu ilə məşqul olmuruq. Çünki mövsüm dayanıb, məşqlərimiz hələ bərpa olunmayıb. Ona görə digər növlərə yönlənmişəm. Əsas işim II Liqada çıxış edən “Baku Sportinq” klubundadır. Onlarla ilboyu məşqlərimiz olub. Minifutbola sonradan qoşulduq. Orda da həftədə 1 dəfə oyunlar olduğu üçün II Liqada mübarizə aparan futbolçulara imkan yaranır ki, minifutbolla məşqul olsunlar. Ona görə də həftədə 1 dəfə orada da oynayıram. Hər halda bu, 1 əldə 3 qarpız tutmaq sayılmaz (gülür).

- “Baku Sportinq”lə çempion olduz. Qol vurub “Real Bakı”nın AML-da bürünc medal görüşünə yollandız. Arada qısa vaxt var idi. Özünüzü oyuna necə çatdırdız?

- Oyun qurtarandan sonra vaxtımız az idi. Amma özümüzü çatdıra bildik. Tək mən deyildim. “Baku Sportinq”dən digər komanda yoldaşlarım da var ki, AML-da oynayırlar. Mənə rəqib olanlar da var idi. Hamımız birlikdə getdik və oyuna çox az vaxt qalmış özümüzü çatdırdıq.

- Mövsümü 2 ayrı turnirdə medalla tamamladız. Bir ildə 2 medal qazanmaq necə hissdir?

- “Baku Sportinq”də mövsümboyu çox çalışmışdıq. Məqsədimiz də çempion olmaq idi. Şükürlər olsun ki, bunu bacardıq. Minifutbolda da bürünc medal qazandıq. Bu da bir uğurdur. Heç bir idmançı məqsədsiz çalışmır. Mənim də məqsədim mövsümü yüksək səviyyədə bitirmək idi. Təbii ki, çox xoşbəxtəm.

- Böyük təcrübəyə maliksiz. Əsasən aşağı liqalarda oynamısız. Sizə Yüksək Liqada çıxışa nə mane olub?

- Karyeramın böyük bir hissəsini aşağı liqalarda oynamışam. Şans belə gətirib, qismət belə olub ki, böyük komandalarda oynamaq alınmadı. Maneələrdən biri aşağı liqada oynayırsansa, Premyer Liqada oynayan klubların diqqət mərkəzinə düşmürsən. Həm də divizionda oynaya-oynaya çimərlik futbolu ilə məşqul olurdum. 15 ildir bu növdə milli komandanın üzvüyəm. Özümü sırf çimərlik futboluna köklədiyimi deyə bilərəm.

- 36 yaşınız var. Futbol ilə vidalaşmağı düşünürsüz?

- Hələ vidalaşmaq fikrim yoxdur. Özümü yaxşı hiss edirəm. Yeni uğurlar qazanmaq istəyirəm. Ən azı daha 2 il oynamaq istəyirəm.

Emin Ağa
İdman.biz

Məqalədə: