Vəli Qasımovun açdığı cığır və ya bu yola çıxan azərbaycanlılar - ARAŞDIRMA

Təhlil
16 Sentyabr 2023 16:29
150
Vəli Qasımovun açdığı cığır və ya bu yola çıxan azərbaycanlılar - ARAŞDIRMA

Bu gün Azərbaycan futbolunun bir sıra problemləri var. Onlardan ən əsasları uşaq futbolu və az sayda idmançımızın ölkə xaricində top qovmasıdır. Barmaqla sayılacaq qədər futbolçumuz ölkə xaricində fəaliyyət göstərir.

İdman.biz “Böyük beşlik” ölkələrindən olan İspaniyada futbolun sirlərini öyrənən uşaqlarımızı araşdırıb.

“Zalsburq” və bir çox İspaniya klublarının maraqlandığı azərbaycanlı

Onlar arasında artıq özündən söz etdirməyi bacaranlar da var. Madrid şəhərində “Xetafe” klubunun aşağı yaş qrupu komandası olan “FP Xetafe”də top qovan Turan Qasımlının 13 yaşı var. O, ailəsi 2016-cı ildən İspaniyada yaşamağa başlayıb. Məşqçi Xuan Zafra Qutieres tərəfindən kəşf edilən Turan “Yunion Malaqa”da top qovmağa başlayıb. Burda uğurlu mövsümlərdən sonra hətta “Barselona” klubu da yeniyetmə futbolçumuz ilə maraqlanıb. Qasımlı İspaniya millisinin aşağı yaş qruplarının məşqlərinə də dəvət olunub. Daha sonra ailə Madridə köçüb. Burda da Turan Qasımlının uğurlu çıxışı davam edir və o özünü göstərməyi bacarır. Artıq ona bir neçə klubdan təkliflər gəlməyə başlayıb.

Turanın atası Cəmşid Qasımlı bu təkliflər və gələcək hədəflərdən danışarkən bildirib ki, məqsəd bu ilki qolların və asistlərin sayını artırmaqdır: “İspaniya və digər ölkələr də Turanla maraqlanmağa başlayıblar. Hətta “Zalsburq” klubu mənimlə əlaqə saxlayıb. Onlar Turanın oyunlarını izləyəcək və onu diqqətdə saxlayacaqlar. Yanvarda hətta onlarla görüşümüz də olacaq. 18 yaşına çatdıqdan sonra hədəfimiz La Liqa klubları və ya 5 böyük liqadan birində oynamaqdır”.

Kataloniyada oynayan futbolçularımız

İspaniyada karyeralarını davam etdirən digər yeniyetmə futbolçularımız isə İsa Səmədov və Ümid Əliyevdir. Turandan fərqli, bu uşaqlar futbola Azərbaycanda başlayıblar. Daha sonra İspaniyada bir neçə yerdə seçimlərdə olduqdan sonra “Ximnastik Tarraqona”da aşağı yaş qrupları komandası ilə müqavilə bağlayıblar. Qarşıda onları Kataloniya liqasında oyunlar gözləyir.

İsanın atası Zaur Səmədov oğlunun və Ümidin parlaq karyerası olacağına inanır: “Bizim uşaqlar Katalon liqasında oynayacaqlar. “Barselona”, “Espanyol” kimi klublara qarşı mübarizə aparacaqlar. Təbii ki, əsas hədəfimiz qarşıdakı illərdə La Liqa klublarında oynamaqdır”.

La Liqada oynayan tək azərbaycanlı - Vəli Qasımov

Bu günə qədər La Liqada cəmi bir azərbaycanlı futbolçu top qovub. Vəli Qasımov “Betis” və “Albasete” klublarının şərəfini qoruyub. La Liqada “Betis” ilə 3, “Albasete” ilə 22 oyuna çıxan Qasımov 4 qol vurmağı bacarıb. 1995/96 mövsümündə bu cığırı açan futbolçumuz “Sevilya” və “Kompostela” klublarının qapısına 1, “Valyadolid”ə 2 qol vurmaqla yadda qalıb.

Vəli Qasımov gənc yaşlardan İspaniyada yaşayıb futbol oynamağın böyük üstünlüklər yaradacağını düşünür: “Bizim uşaqların İspaniyaya getməyi və orda oynamağı çox xoşdur. Orda böyümək, mentaliteti öyrənmək onlar üçün əlavə üstünlükdür. Onlar gələcəkdə Avropa səviyyəsində futbolçular olacaqlar. La Liqada oynamaq çox çətin işdir. Əziyyət çəkməlisən. Sübut etməlisən ki, sən onlardan daha da üstünsən. Yalnız o halda heyətə düşə bilərsən“.

İnanırıq ki, bu yeniyetmə futbolçularımızı gələcəkdə La Liqada izləmək şansı əldə edəcəyik və onlara digər perspektivli həmyerlilərimiz də qoşulacaq.

Emin Ağa

İdman.biz