Misir millisinin qapıçısı Mostafa Şubir futbol üzrə dünya çempionatının 1/16 finalında əldə etdikləri uğuru şərh edib.
İdman.Biz xəbər verir ki, Afrika təmsilçisi Avstraliya millisini mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib.
Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında misirlilər 4:2 hesabı ilə qalib gəliblər.
“Azarkeşlərimiz, ölkəmiz və özümüz üçün sona qədər mübarizə aparırıq. Buraya gəldiyimiz ilk gündən bir-birimizə deyirdik ki, yalnız qrup mərhələsində oynayıb evə qayıtmaq üçün gəlməmişik. Əlimizdən gələni etdik və bəxt də bizim tərəfimizdə oldu”, – deyə Şubir FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, Misir millisi 1/8 finalda dünya çempionatının əsas favoritlərindən sayılan Argentina yığması ilə qarşılaşacaq.
