Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək İngiltərə - Meksika oyunu üçün azarkeşlərin əvvəlcədən aldığı biletlər FIFA-nın rəsmi satış portalında dəfələrlə baha qiymətə yenidən satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Əvvəlcə 605 ABŞ dollarına (təxminən 1 029 manat) satılan ən bahalı biletlər hazırda hər biri 30 min ABŞ dollarına (təxminən 51 min manat) təklif olunur. Alıcı üçün nəzərdə tutulan 15 faizlik FIFA komissiyası da əlavə edildikdə, biletin yekun qiyməti 34 500 ABŞ dollarına (təxminən 58 650 manat) çatır. Bu isə nominal qiymətdən 57 dəfə çoxdur.
Nominal dəyəri 295 ABŞ dolları (təxminən 502 manat) olan ən ucuz bilet isə hazırda 3448 ABŞ dollarına (təxminən 5862 manat) satılır. Bu da ilkin qiymətlə müqayisədə təxminən 12 dəfə bahadır.
Qeyd edək ki, futbol üzrə DÇ-2026-nın 1/8 finalında baş tutacaq Meksika - İngiltərə oyunu 6 iyul Bakı vaxtı ilə 04:00-ra təsadüf edəcək.
