DÇ-2026-nın 1/8 finalı: Fransa sensasiya etmiş komandaya qarşı, Kanada isə Afrika nəhəngi ilə üz-üzə – İDMAN.BİZ-in İCMALI

4 İyul 2026 15:03
99
DÇ-2026-nın 1/8 finalı: Fransa sensasiya etmiş komandaya qarşı, Kanada isə Afrika nəhəngi ilə üz-üzə – İDMAN.BİZ-in İCMALI

DÇ-2026-nın 1/8 final mərhələsinə xarakter baxımından tamamilə fərqli iki qarşılaşma ilə start veriləcək. Bir oyunda gözləntiləri üstələyərək turnirdə irəliləməyə davam edən komandalar üz-üzə gələcəklər. Digərində isə mundialın əsas favoritlərindən biri pley-offun ən inadkar yığmalarından biri ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, ilk olaraq Kanada və Mərakeş 1/4 final vəsiqəsi uğrunda mübarizə aparacaq. Daha sonra isə Paraqvay Fransanın qarşısını kəsməyə çalışacaq.

Kanada – Mərakeş (4 iyul, 21:00, Bakı vaxtı ilə)

Kanada 1/16 finalda Cənubi Afrika Respublikasını 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Cessi Marşın komandası uzun müddət rəqibə təzyiq göstərsə də, tarixi qələbə yalnız əlavə olunmuş vaxtda Stiven Eustaquionun qolu sayəsində qazanılıb. Mərakeş isə Niderlandı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb – 1:1, penaltilər: 3:2. Həmin oyunda Afrika təmsilçisi əsas vaxtın sonlarında İssa Diopun qolu ilə məğlubiyyətdən xilas olub, penaltilərdə isə yenə Yassin Bununun inamlı oyunu həlledici rol oynayıb.

Kanada düşərgəsində əsas müzakirə mövzusu Alfonso Deyvisin durumudur. O, Cənubi Afrika ilə oyunda turnirdə ilk dəfə meydana çıxaraq 75-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub. İndi isə Marş kapitanın start heyətində oynamağa hazır olub-olmadığına qərar verməlidir. Kanada üçün bu mühüm amildir. Çünki Deyvis komandanın cinahdakı sürətini artırmaqla yanaşı, psixoloji üstünlük də qazandırır. Mərakeşdə isə diqqət mərkəzində Brahim Diasdır. O, DÇ-2026-da hələ qol vurmasa da, artıq iki məhsuldar ötürmə ilə yadda qalıb. Baş məşqçi Məhəmməd Uahbi dəfələrlə vurğulayıb ki, Dias yalnız hücumda deyil, müdafiədə də komanda üçün böyük əhəmiyyət daşıyır.

Kanadanın yenə də yüksək tempə, fiziki üstünlüyə və sürətli əks-hücum keçidlərinə üstünlük verəcəyi gözlənilir. Komandanın əsas üstünlükləri doğma meydan amili, təravət, cinahlardakı sürət və sona qədər mübarizə aparmaq bacarığıdır. Zəif tərəfi isə son ötürmələrin keyfiyyətindən asılılığıdır. Cənubi Afrika ilə oyunda təzyiqi qola çevirmək üçün kanadalılara xeyli vaxt lazım olmuşdu. Mərakeş isə bu cür oyunlarda daha təcrübəlidir, pley-offun tempini daha yaxşı hiss edir və texnikası, istiqaməti sürətlə dəyişməsi, həmçinin standart vəziyyətlər hesabına təhlükə yaradır. Lakin Niderlandla 120 dəqiqə davam edən ağır matçdan sonra bərpa prosesi də vacib amil olacaq.

Oyunun gərgin və mübarizəli keçəcəyi gözlənilir. Kanada tempi artırmağa çalışacaq, Mərakeş isə oyunun ritmini pozaraq Dias, Haşimi və dərinlikdən sürətli çıxışlar vasitəsilə fürsətlər axtaracaq. Kanadalılar ilk qolu vursalar, oyun açıq məcrada davam edə bilər. Əks halda Mərakeş rəqibi tədricən daha əsəbi ssenariyə sürükləyə bilər. Bu isə təcrübəli Afrika təmsilçisinin xeyrinədir.

Bu cütün qalibi 1/4 finalda Paraqvay - Fransa matçının qalibi ilə qarşılaşacaq.

Paraqvay – Fransa (5 iyul, 01:00, Bakı vaxtı ilə)

Paraqvay turnirin ən böyük sensasiyalarından birinə imza ataraq 1/8 finala yüksəlib. Cənubi amerikalılar Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıblar – 1:1, penaltilər: 4:3. Həmin görüş komandanın xarakterini ortaya qoydu. Paraqvay güclü təzyiqə tab gətirdi, almanların cavab qolundan sonra ruhdan düşmədi və penaltilərdə favoriti məğlub etdi. Fransa isə 1/16 finalı demək olar ki, problemsiz keçdi. Didye Deşamın komandası İsveçi 3:0 hesabı ilə məğlub etdi, Kilian Mbappe isə dubla imza atdı.

Fransa bu oyuna aşkar favorit kimi çıxır. Komanda mundialda keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb, 13 qol vurub və cəmi iki top buraxıb. Əsas gücü hücum xəttidir. Mbappe, Usman Dembele və Bredli Barkola artıq Fransa millisinin bu dünya çempionatındakı üstünlüyünün simvoluna çevriliblər. Lakin komandanın itkiləri də var. Orelien Çuameni bud nahiyəsindən aldığı zədə səbəbindən matçı buraxacaq. Onu Manu Kone əvəz edə bilər. Bu, Fransa üçün faciə olmasa da, yarımmüdafiədə balans baxımından mühüm məqamdır.

Aydındır ki, Paraqvay Fransa ilə açıq futbola üstünlük verməyəcək. Komandanın əsas silahı kompakt oyun, ikili mübarizələr, səbir və topsuz oyunda intizamdır. Fransızlar aşağı blok müdafiəsini yarmağa çalışacaqlar. Bu isə onlar üçün açıq məkanlarda oynamaqdan tamamilə fərqli sınaq olacaq. Bundan başqa, Filadelfiyadakı isti hava da favorit üçün oyunun tempini aşağı sala bilər. Paraqvayın zəif cəhəti isə hücum potensialının məhdud olmasıdır. Hesabda geri düşəcəyi təqdirdə manevr imkanları xeyli azalacaq.

Oyunun ssenarisi kifayət qədər aydındır. Fransa topa nəzarət edəcək, cinahlar vasitəsilə müdafiəni açmağa və Mbappenin müdafiəçilərin arxasına qaçışlarından yararlanmağa çalışacaq. Paraqvay isə mərkəzi bağlamağa, fransızların sürət yığmasına imkan verməməyə və standart vəziyyətlər, əks-hücumlar və rəqib səhvlərindən yararlanmağa çalışacaq. Deşam üçün əsas məsələ səbirli olmaqdır. Əgər Fransa erkən qol vurmasa, qarşılaşma komandalar arasındakı səviyyə fərqinin düşündürdüyündən daha gərgin keçə bilər.

İdman.Biz