“Rəqibi təbrik edirəm. Onlar bizdən yaxşı oynadılar, qalib gəldilər”.
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIV turunda “Qəbələ”yə 0:2 hesablı məğlubiyyəti şərh edib: “Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, çox pis oynadıq, çox top itirdik.Meydançada oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, səhvlər çox etdik və belə alındı.İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyil".
Krunoslav Renduliç “Qəbələ” ilə oyuna tam hazır olduqlarını, amma ciddi səhvlərə yol verdiklərini bildirib: “Xeyr, sizinlə razı deyiləm. Yeddi gün ərzində oyunçularımı xəbərdar etmişdim ki, "Qəbələ" çox yaxşı komandadır. Baxmayaraq ki, sonuncu pillədədirlər, onlar sadəcə digər rəqiblərlə müqayisədə şanslarından istifadə edə bilməyiblər. İlk yarıda rəqibə yaxşı təzyiq edirdik. Bu da onu göstərir ki, psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Əfsuslar olsun ki, böyük səhvlər etdik və uduzduq. Həyat davam edir. Ardıcıl dörd oyunda qalib gəlmişdik, amma bu oyunda uduzduq. Qarşıdakı matçlara hazırlaşmalıyıq”.
“Sabah”ın baş məşqçisi rəqiblərin komandaları stimullaşdırması ilə suala cavab verib: “Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz”.
Qeyd edək ki, Qəbələdə uduzan “Sabah” 2-ci pilləyə yüksəlmək şansını qaçırıb.
İdman.biz