“Barselona”nın tələbi: “El-Klassiko” təkrarlansın

Xəbərlər
22 Aprel 2024 18:36
“Barselona”nın tələbi: “El-Klassiko” təkrarlansın

Dünən La Liqanın 32-ci turu çərçivəsində baş tutan “Real” – “Barselona” El-Klassiko təkrar keçirilə bilər.

İdman.biz xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Joan Laporta deyib.

Hakim qərarından narazı qalan Kataloniya klubu İspaniya Futbol Federasiyasının Texniki Komitəsinə şikayət edəcək. “Barselona” hakimin təmiz qolu saymadığını bildirib: “Biz Texniki Komitəyə müraciət edəcəyik. Oyun zamanı çəkilən bütün kadrları göstərəcəyik. Əgər qol legitim olarsa, biz oyunun yenidən təkrarlanmasını tələb edəcəyik. Artıq VAR-ın səhvi üzündən Avropada belə hala rast gəlinib”.

Qeyd edək ki, künc zərbəsi zamanı Lamin Yamalın toxunuşundan sonra topun xətti keçib-keçmədiyi geniş müzakirəyə səbəb olub. Baş hakim Sesar Soto Qrado VAR-la məsləhətləşmədən sonra qolu qeydə almayıb. Oyun “Real”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz