“Bavariya” futbol klubu fransalı vinger Maykl Olise ilə müqaviləni yeniləmək istəyir.
İdman.Biz "Footmercato"ya istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi futbolçunu komandada ən yüksək maaş alan oyunçu etmək niyyətindədir. Bununla Olisenin müqaviləni uzatmasına nail olmaq planlaşdırılır.
Məlumata görə, fransalı futbolçunun yeni maaşı Harri Keyn və Camal Musialanın qazancını üstələyə bilər. Ötən ilin aprelindəki məlumatlara əsasən, ingilis hücumçu və alman yarımmüdafiəçi vergilər çıxılmamış ayda təxminən 2,1 milyon avro (4,2 milyon manat) qazanırdılar. Olisenin “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Bunun qarşılığında yenilənmiş müqaviləyə böyük məbləğdə təzminat maddəsinin daxil edilməsi gündəmə gələ bilər. Hazırkı anlaşmada belə bənd yoxdur.
“Bavariya”nın futbolçunun gələcəyini təmin etmək istəyi onun yüksək məhsuldarlığı ilə bağlıdır. Olise ötən mövsüm bütün turnirlərdə 52 oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə edib.
