Rəşad Sadıqov: “Rusiya, Türkiyədən təklif olarsa, dəyərləndirməyə çalışacam” - FOTO - VİDEO

Müsahibə
19 Aprel 2024 10:09
979
Rəşad Sadıqov: “Rusiya, Türkiyədən təklif olarsa, dəyərləndirməyə çalışacam” - FOTO - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun İdman.biz saytına müsahibəsi

- Premyer Liqanın 31-ci turunda "Neftçi"yə qarşı keçirəcəyiniz oyunun hazırlıqları necə gedir?

- Mövsümün sonunun yaxınlaşdığını nəzərə alsaq, üstümüzdə təzyiq çoxdur. Amma futbolçular, məşqçilər maksimum çalışırıq ki, bu təzyiq bizə təsir göstərməsin. Növbəti turda bizi "Neftçi"yə qarşı oyun gözləyir. Rəqib matçdan-matça öz oyununu artırır. Son görüşdə də "Araz-Naxçıvan"a qarşı inamlı nəticə gördük. Turnir cədvəlində qonşu mövqeydəyik. Aramızda 1 xal fərq var. Maksimum çalışacağıq ki, əlimizdən gələni edək və oyundan yaxşı nəticə ilə ayrılaq, qələbə qazanaq. Amma görüşün necə gedəcəyi barədə proqnoz bildirmək çətindir. Çünki qarşımızda tarixi komanda var. Yaxşı formalaşmış heyət və təcrübəli məşqçi var.

- Üzərinizdə təzyiqin olduğunu dediz. Bəs "Neftçi"yə 7 matçdır qalib gəlməməyiniz əlavə təzyiq olacaq? Bu barədə futbolçularla danışmısız?

- Futbolçularla da, özümüz də bu barədə söhbət etmişik. "Neftçi Arena"da keçirdiyimiz son oyunları yada salsaz, o matçlarda üstün tərəf biz olmuşuq. Əlimizə düşən fürsətlərdən istifadə edə bilməmişdik. "Neftçi" isə yaratdığı 1 fürsətdən yararlanaraq qələbə qazanıb. Əslində, evdə 1:1 hesabı ilə başa çatan matç bizim üçün daha çətin keçmişdi. "Neftçi" ilə matçlarda əvvəlcədən proqnoz vermək çətindir.

- Mövsümə yaxşı başladız, amma sonradan klubda eniş yaşandı. Son matçlarda isə inamlı təsir bağışlayırsız. Komandanı necə toparladız?

- Eyni proqramla işlədik, eyni işi gördük. Biz qələbə qazanmadığımız dövrdə də elə oyunlar olurdu ki, mən razı qalırdım. Qalib gəldiyimiz elə qarşılaşmalar olub ki, komandadan narazı qalmışam. Biz məşqçi heyəti tək nəticə ilə kifayətlənə bilmərik. O səbəbdən də nəticədən əvvəl çalışırıq ki, görüşü təhlil edək, oyun planında problemləri aradan qaldıraq. Nəticə yoxdursa, oyun yaxşıdırsa, futbolçulara narahatlıq hiss etdirməməyə çalışırıq. Amma nə qədər bu məqamlara fikir versək də, futbolçulara hər zaman nəticə təsir edir. Bir məqam var idi ki, məndə də narahatlıq var idi. Qələbə qazana bilmirdik, qol vura bilmirdik. Şükürlər olsun ki, futbolçular bundan böyük məyusluq yaşamadılar. Yenə də yarışın içindəyik, medallar uğrunda mübarizə aparırıq.

- Uzun fasilədən sonra Araz Abdullayevi yenidən meydanda izlədik. Onun performansı ilə bağlı nə düşünürsüz?

- Abdullayevin istedadı hər kəsə bəllidir. Fikrini işinə verdikdə yaxşı futbolçudur. Hər komandaya fayda verə bilər. Yetər ki, futbola daha çox diqqət ayırsın, diqqətli olsun.

- "Sumqayıt"la matçdan sonra ölkə xaricində işləməyə maraqlı olduğunuzu dediz. Bəs hansı liqalarda işləmək istərdiz?

- Açığı, futbolçu kimi də ölkə xaricindən təklif olan kimi düşünməmişəm, dəyərləndirməyə çalışmışam. Məşqçilik karyerası bir az fərqlidir, amma yenə də yəqin ki, yaxın ölkələrdən Rusiya, Türkiyə liqalarından təklif olduğu halda fikirləşmək mümkündür.

- Son vaxtlar çempionatda komanda sayının artırıla biləcəyi ilə bağlı söhbətlər yayılıb. Buna münasibətiniz necədir?

- Hər bir qərarın arxasında mənfi və müsbət tərəflər var. Bir komanda düşüb, biri qalxdıqda, say artmadıqda "Qəbələ" kimi komandanı itirə bilərik. 1 ildən sonra onlar Premyer Liqaya necə dönəcək, o da məlum deyil. Digər tərəfdən kimsə getməsin və kimsə qalmasın prinsipi ilə davam etsək, bu da uğursuz olacaq. Bir neçə ildir görürük ki, bu, liqaya xüsusi maraq qatmır. Aşağı liqadan 2 komanda gəlsin desək, bu da çempionatın keçirilmə prinsipini, sistemini dəyişə bilər. O nə dərəcədə effekt verər, ya verməz, onu da bilmirəm. Yaxud da 2 komanda əsas liqaya çıxmağa hazırdırmı? Bu da sual doğurur. 14 komandalıq sistemə hazır olduğumuzu qəti düşünmürəm. İstəyərəm ki, çempionatımızda 18-20 komanda olsun, 2 dövrə oynayaq. Amma buna zamanla getməliyik. İndi fikirləşirəm düz yoldayıq, yavaş-yavaş komanda sayı artır, keyfiyyət aşağı düşmür. Elə bir qərar verməliyik ki, futbolumuz və klublarımız üçün zərərli olmasın. AFFA rəhbərliyi ən düzgününü edəcək və futbolumuza təkan olacaq.

Emin Ağa
İdman.biz