Azər Bağırov: “Bu mənə həddindən artıq çox təsir edirdi” - VİDEO

Müsahibə
9 Aprel 2024 16:55
224
Azər Bağırov: “Bu mənə həddindən artıq çox təsir edirdi” - VİDEO

“Hər bir məşqçinin çantası yanında olmalıdır. Hər an gedə bilər, yerinə yenisi gələ bilər”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan “Araz-Naxçıvan”nın sabiq baş məşqçisi Azər Bağırov deyib.

39 yaşlı mütəxəssis klubdan ayrılmasının səbəbini açıqlayıb. O bildirib ki, Naxçıvan təmsilçisinin uğurlu çıxışı üçün əlindən gələni edib: “Araz-Naxçıvan”a hər şeyimi sərf etmişdim. Yaxın 2 il ərzində Region Liqasından komandanı götürdüm. Daha sonra 1-ci divizionda çıxış etdik. Ardınca Premyer Liqaya yüksəldik. Amma hər bir filmin bir sonu var. Nə vaxtsa ola bilsin yenidən “Araz-Naxçıvan”da olacam. Klubdan ayrılmağıma səbəb son oyunlarda nəticələrin məni qane etməməsidir. Hər dəfə dediyim kimi, uduzmağı bacarmıram. Bu mənə həddindən artıq çox təsir edirdi. Klubda vəziyyət yaxşıdır. Zəng edib halallaşanlar oldu. Ayrılığın əsas səbəbi nəticələr idi. Nəyisə yaxşılığa doğru dəyişə bilmədikdə onda nəyisə düşünməlisən. Özün üçün rahat bir şey axtarmalısan. Bir yerdə oturmaq, yerində saymaq düzgün deyil. Orda keçirdiyin hər gün ziyanına ola bilər. Ona görə də belə qərar verdim və rəhbərlik də anlayışla qəbul etdi”.

Bağırovun sözlərinə görə, “Araz-Naxçıvan”la bir incikliyi yoxdur: “Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Mənim maaşlarımı da ödəyəcəklər. Heç bir problem yoxdur. Peşəkaram, işimi layiqincə görmüşəm. “Araz-Naxçıvan”a da, Elmar Baxşıyevə də uğurlar arzu etdim. Bu gün burada, sabah başqa yerdə Azərbaycan futbolu üçün çalışa bilərik”.

Qeyd edək ki, “Araz-Naxçıvan”da Azər Bağırovu Elmar Baxşıyev əvəzləyib.

Emin Ağa
İdman.biz

Məqalədə: