Ağdam təmsilçisi iki qapıçısı ilə yollarını ayırıb

22 İyun 2026 15:19
132
Ağdam təmsilçisi iki qapıçısı ilə yollarını ayırıb

“Qarabağ” futbol klubu qapıçıları Fabian Buntiç və Amin Ramazanovla yolları ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müddəti başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Fabian Buntiç 2024-cü ilin yayında "Qarabağ"a transfer olunub. Xorvatiyalı qapıçı Ağdam klubunun əsas komandasında 19 rəsmi matçda meydana çıxıb.

Qapıçı mövqeyində çıxış edən Amin Ramazanov isə 2022-ci ildə "Qarabağ-2"dən əsas komandaya cəlb olunub. O, əsas komandada debütünü 2022-ci il fevralın 28-də "Şamaxı" ilə keçirilən və qolsuz heç-heçə ilə başa çatan oyunda edib. Ramazanov ümumilikdə "Qarabağ"ın heyətində 15 rəsmi görüşdə iştirak edib.

Buntiç və Ramazanovun komandadan ayrılmasından, həmçinin "Riyeka"dan Martin Zlomisliçin transferinin rəsmən açıqlanmasından sonra "Qarabağ"ın sərəncamında üç qapıçı qalır: Mateuş Koxalski, Şahruddin Məhəmmədəliyev və Martin Zlomisliç.

İdman.Biz