Bədavi Hüseynov: “Bayer”lə hər iki oyunumuza baxıb, səhvlərimizi analiz etmişik” - MÜSAHİBƏ - VİDEO

Xəbərlər
6 Mart 2024 13:15
612
Bədavi Hüseynov: “Bayer”lə hər iki oyunumuza baxıb, səhvlərimizi analiz etmişik” - MÜSAHİBƏ - VİDEO

“Sabah qarşılaşacağımız rəqib Avropanın ən güclü komandalarından biridir”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov deyib.

Azərbaycan çempionunun vitse-kapitanı Avropa Liqasının 1/8 final mərhələsinin sabah “Bayer”ə qarşı keçiriləcək ilk oyununa həsr olunan mətbuat konfransında iştirak edib. Bədavi görüş barədə fikirlərini açıqlayıb: “Son 2 oyunu nəzərə alsaq, sabah daha çox güc sərf etməliyik. Psixoloji baxımdan gərgin deyilik. Çünki biz "Bayer"ə qarşı 2 matç keçirmişik. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun nümayiş etdirək”.

- Pley-offda “Braqa” ilə matçda qələbə qolu ilə yekunlaşan ötürməni necə xatırlayırsan?

- ⁠Bu, bir anda verdiyim qərar idi. Gördüm ki, Nəriman Axundzadə boşdur, rəqib onu bağlamayıb. Şükürlər olsun ki, hakim fit çalıb, cərimə zərbəsini yenidən başlatmadı. Bu nöqtədə dayanmaq istəməzdim. Komanda həmin oyunda çox gözəl mübarizə apardı. Bu, hamımızın qələbəsidir.

- ⁠Komandadakı abu-hava necədir? Klubunuzla bağlı çəkilən yeni film sizə necə təsir elədi?

- ⁠Bu filmi çox bəyəndim. Bizə böyük motivasiya verdi. Filmdə əziyyətlərimiz nümayiş etdirilib. Hər kəs bilməlidir ki, "Qarabağ" adi klub deyil. Bu film bütün Avropada nümayiş olunmalıdır ki, komanda hansı əziyyətli yollardan keçib.

- ⁠Elvin Cəfərquliyev və Julio Romaonun yoxluğu meydanda nə dərəcədə hiss oluna bilər?

- ⁠Mənə elə gəlir ki, bizim komandada bütün futbolçuların keyfiyyəti yüksəkdir. Biri olmayanda, digəri layiqincə əvəzləyə bilir. Sözsüz ki, onların olmaması təsir edəcək. Çünki həmin futbolçular böyük təcrübə yığıblar. Anlaşma baxımdan da yaxşı idi. Amma meydana kim çıxsa bacardığını maksimum ortaya qoyacaq.

- “Bayer” hansı səhvləri bağışlamır və nəyə xüsusi diqqət yetirməlisiz?

- ⁠Qrupdakı hər iki oyuna baxıb, səhvlərimizi analiz etmişik. Ondan sonrakı oyunlarda da daha güvənli, soyuqqanlı oynadıq. “Braqa” ilə görüşdən sonra bizim də səviyyəmiz qalxıb. Çalışacağıq ki, sabah səhvə yol verməyək, özümüzə güvənib daha yaxşı mübarizə aparaq.

Qeyd edək ki, sabah baş tutacaq “Qarabağ” – “Bayer” matçı saat 21:45-də başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz