Avropada yeni rekord – TƏHLİL

24 Fevral 2024 14:18
2 081
Avropada yeni rekord – TƏHLİL

Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Braqa" dueli Azərbaycan futbol tarixinə təkcə təmsilçimizin uğuru ilə deyil, həm də məhsuldarlığı ilə düşüb.

İdman.biz xəbər verir ki, Portuqaliya təmsilçisi ilə iki matçda 11 qol vurulub.

Səfərdə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" evdəki matçda əlavə vaxtda uduzub – 2:3. Ümumi hesabda Ağdam klubunun 6:5-lik üstünlüyü qeydə alınıb.

Əsas mərhələlərdə rekord
İki matçdan ibarət dueldə 11 qolun vurulması Azərbaycan klublarının avrokubokların əsas mərhələləri üçün rekorddur. Qrup və 1/8 final öncəsi pley-offlarda bu qədər qola təsadüf olunmayıb. Bunadək rekord "Qarabağ"ın "Çelsi" ilə Çempionlar Liqası duellərində qeydə alınmışdı. İngiltərə klubu ümumi hesabda 10:0 (6:0, 4:0) qalib gəlib. Qrup mərhələlərində üç rəqiblə duellərdə 9 qol vurulub. "Qarabağ"ın "Fiorentina"yla 2016-cı (1:5, 1:2), "Sportinq"lə 2018-ci (0:2, 1:6), "Omoniya" ilə 2021-ci ildəki (4:1, 2:2) matçları məhsuldar alınıb.

"Qarabağ" üçün ən yüksək məhsuldarlıq
Bir komandayla dueldə 11 qol "Qarabağ"ın avrokubok tarixi üçün də yeni rekorddur. Təkcə əsas deyil, təsnifat mərhələlərində də belə hadisə yaşanmayıb. Ağdam klubu iki dəfə 10 qolluq dueldə iştirak edib. "Kopenhagen"lə 1998-ci, "Çelsi" ilə 2017-ci ilin görüşlərində 0:6 və 0:4 hesabları qeydə alınıb.

Tarixin ikincisi
"Qarabağ" – "Braqa" cütü Azərbaycan klublarının avrokuboklar tarixində təsnifat mərhələləri də nəzərə alınmaqla ümumilikdə ikinci ən məhsuldar dueldir. 11 qollu bu cüt son 27 mövsümün rekordudur. 1996/97 mövsümünün təsnifat mərhələsindəki "Xəzri" – "Qutnik" cütü isə daha məhsuldar olub. Həmin vaxt iki komanda birlikdə 13 qol vurub – 0:9, 2:2.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: