Rauf Əliyevin “Qarabağ” üçün seçimi: “Reyncers” və ya “Slaviya”

Müsahibə
23 Fevral 2024 14:39
214
Rauf Əliyevin “Qarabağ” üçün seçimi: “Reyncers” və ya “Slaviya”

“Dünən çox gərgin və dramatik oyun keçdi”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionunun “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıraraq, 1/8 finala yüksəlməsinə münasibət bildirib.

Veteran futbolçunun sözlərinə görə, ümumi hesabda rəqibə 6:5 hesabı ilə qalib gələn Azərbaycan çempionu əzmkarlığı sayəsində irəliləyir: “Fikrimcə, “Qarabağ” qırmızı vərəqə almasaydı, 90 dəqiqədə də işini bitirə bilərdi. Amma azlıqda oynamaq sona yaxın rəqibin sürətini artırdı. Bununla da “Braqa” qollarını vurdu. Əsas odur ki, “Qarabağ” sınmadı. Birinci qol vurdu və penaltidən sonra dayanmadı, mübarizə apardı. Nərimanın qolu ilə yeni tarixə imza atdı. Çox yaxşı oyun göstərdilər”.

O, bu gün 1/8 final çərçivəsində baş tutacaq püşkdə “Qarabağ”a rəqib görmək istədiyi komandaların adını da açıqlayıb: “Rəqiblərin hamısı böyük klublardır. “Reyncers” və ya “Slaviya” kimi rəqiblərə qarşı oynamaq olar. Ancaq “Liverpul” və "Bayer" çox çətin rəqibdir. Fərqi yoxdur, “Qarabağ” həmişə tarix yazmağı bacarır. Bu püşkatmanın Ağdam təmsilçisi üçün uğurlu olacağına inanıram”.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə 15:00-da başlayacaq. Komandamızın potensial rəqibləri sırasında “Reyncers” və “Slaviya” ilə yanaşı, “Vest Hem”, “Brayton”, “Atalanta”, “Liverpul”, “Vilyarreal” və “Bayer” yer alıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: