Məşhur türkiyəli jurnalist və “Milliyet” qəzetinin köşə yazarı Attila Gökçe Türkiyə futbol ictimaiyyətinin Vinçenso Montellanın Türkiyə millisinin baş məşqçisi postundan ayrılmasının tərəfdarı olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, Gökçe köşə yazısında italiyalı mütəxəssisin xidmətlərini qeyd etsə də, komandanın dəyişikliklərə ehtiyacı olduğu qənaətinə gəlib.
“Vinçenzo Montella yaxşı insan və yaxşı məşqçidir. O, bizə gözəl günlər yaşatdı və parlaq nəticələr əldə etdi. Lakin komandanın davamlı inkişafını və yeni sıçrayışını təmin edə bildi? Xeyr. O, şübhəsiz ki, təşəkkürə layiqdir. Ayrılıq layiqli və hörmətli şəkildə baş verməlidir. Amma ədalət naminə desək, Montellanın dövrü başa çatmalıdır”, - deyə jurnalist yazıb.
Gökçe bu mövqeyinin səbəbləri arasında Türkiyə millisinin Millətlər Liqasındakı son nəticələrini, həmçinin Montellanın bir sıra heyət və taktiki qərarlarını göstərib. Jurnalist xüsusilə italiyalı mütəxəssisin klassik mərkəz hücumçusu olmadan oynamağa üstünlük verməsini, İtaliya ilə matç üçün futbolçu seçimini və bəzi oyunçuların imkanlarından kifayət qədər istifadə etməməsini tənqid edib.
Müəllif “Selta”da oyun praktikası olmayan Altay Bayındıra qapıda Okan Kocuk əvəzinə şans verilməsi qərarına da ayrıca toxunub. Gökçenin fikrincə, Montella Arda Güləri də optimal şəkildə istifadə edə bilməyib və futbolçu İtaliya ilə görüşdə həddindən artıq yüklənməli olub.
Jurnalist köşə yazısını italiyalı mütəxəssisə ünvanladığı emosional müraciətlə yekunlaşdırıb:
“Bu sevgi soyuyub. Münasibətlər tükənib. Vidalaşmaq vaxtıdır. TFF-nin hansı qərarı verəcəyini bilmirəm. Öz adımdan deyirəm: “Addio Signore”. Əlvida, sinyor!” – deyə Gökçe yazıb.
Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasının yeni mövsümünə uğursuz başlayıb. Montellanın komandası ilk iki turda evdə iki məğlubiyyət alıb – Fransa (0:1) və İtaliyaya (1:4). İki oyundan sonra xalı olmayan Türkiyə millisi A1 qrupunda sonuncu pillədə qərarlaşıb.
