İngiltərə millisinin kapitanı Harri Keyn “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı qərardan yalnız Çexiya üzərində qələbədən sonra xəbərdar olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, müstəqil Premyer Liqa komissiyası “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların hamısında təqsirli bilib. Klub isə təqsirsiz olduğunu müdafiə edir və qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
Qərar İngiltərə millisinin Çexiya ilə UEFA Millətlər Liqası matçına hazırlaşdığı vaxta təsadüf edib. Milli komandanın heyətində “Mançester Siti”nin futbolçuları Elliot Anderson və Mark Qehi də yer alıb.
Keyn isə qarşılaşmadan əvvəl futbolçular arasında bu məsələnin müzakirə olunmadığını deyib.
“Düzünü desəm, bu barədə xəbəri yalnız oyundan sonra öyrənmişəm. Bütün günü telefondan uzaq olmuşam. İndi bu barədə şərh verə bilmərəm. Əminəm ki, yaxın günlərdə bu haqda adi qaydada danışılacaq.
Həmişə deyirəm ki, burada olanda biz İngiltərə millisi ilə birlikdəyik. Fikrimiz-zikrimiz milli komandadadır. Həmin uşaqlar (Elliot Anderson və Mark Qehi) qayıtdıqdan sonra, təbii ki, bu məsələ ilə məşğul olacaqlar. Bizim üçün isə hazırda əsas məsələ şənbə günü Xorvatiyaya qarşı keçiriləcək oyundur”, - Keyn bildirib.
