Rəhman Daşdəmirov Azərbaycan millisinin Lixtenşteynlə heç-heçəsindən sonra böyük məyusluq yaşadığını bildirib.
İdman.Biz xəbər verir ki, futbolçu həyat yoldaşı ilə birlikdə “Qafqazinfo”ya müsahibəsində" həm karyerasından, həm də şəxsi həyatından söz açıb.
Daşdəmirovun sözlərinə görə, millinin futbolçuları həmin nəticəni ağır qəbul ediblər. Rəqibdən üstün olduqlarını düşünən komanda üzvləri qarşılaşmadan sonra telefonlarını kənara qoyub, hətta ailələri ilə danışmaq istəməyiblər. Futbolçu nəticəyə görə şəxsən utandığını, Litva üzərində sonrakı qələbənin isə komandaya özünəinamını qaytardığını vurğulayıb.
“Old Trafford”dakı çıxışını xatırlayan Daşdəmirov stadionun atmosferindən böyük zövq aldığını söyləyib. Onun sözlərinə görə, azarkeşlər rəqib komandanın uğurlu hərəkətlərini də alqışlayıblar. Məğlubiyyətə baxmayaraq, futbolçu oyunun bitməsini istəmədiyini qeyd edib.
Daşdəmirov ailəsinin onun həyatındakı yerindən danışarkən isə deyib: “Mənim həyatdakı ən böyük uğurum ailəmdir”.
Həyat yoldaşı onların 2017-ci ildə sosial şəbəkə vasitəsilə tanış olduqlarını, təxminən beşillik münasibətdən sonra ailə qurduqlarını bildirib. O, karyerasının çətin dövrlərində də Rəhmana dəstək olduğunu, futbolçunun səfərləri ilə bağlı ayrılıqları anlayışla qarşıladığını söyləyib.
