FIFA gələcək dörd il ərzində futbolun inkişafına ayrılacaq maliyyə vəsaitini rekord həddə - 6,35 milyard dollara çatdırmağı planlaşdırır.
İdman.Biz qurumun rəsmi saytına istinadən xəbər verir ki, müvafiq təklif oktyabrın 15-də İsveçrənin Sürix şəhərində keçirilən FIFA Şurasının iclasında təqdim olunub.
İnvestisiyaların artırılması təşkilatın ehtiyat vəsaitləri, o cümlədən 2026-cı il dünya çempionatından əldə edilən gəlirlər hesabına nəzərdə tutulur.
Plana əsasən, FIFA-ya üzv olan 211 milli futbol assosiasiyasının hər biri 25 milyon dollara qədər maliyyə dəstəyi ala bilər. FIFA-nın üzvü olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da bu proqramdan yararlana biləcək qurumlar sırasındadır.
Beləliklə, proqramın yekun şərtlərindən asılı olaraq, AFFA-nın da qarşıdakı dörd il ərzində 25 milyon dollara (təxminən 42,5 milyon AZN) qədər maliyyə dəstəyi almaq imkanı yarana bilər.
Əlavə vəsaitlərin qadın və gənclər futbolunun, infrastrukturun və uzunmüddətli layihələrin inkişafına yönəldilməsi də planlaşdırılır.
Proqramın yekun şərtlərinin 2026-cı ilin dekabrında razılaşdırılması gözlənilir.
