Fransa millisinin sabiq futbolçusu, 1998-ci ilin dünya çempionu Biksant Lizarazu PSJ-nin UEFA Çempionlar Liqasında “Mançester Siti” üzərində qazandığı 4:2 hesablı qələbəni şərh edib.
İdman.Biz “Radio France”a istinadən xəbər verir ki, keçmiş müdafiəçi Paris təmsilçisinin möhtəşəm ilk hissədən sonra ciddi təzyiqlə üzləşdiyini vurğulayıb.
“Bu, bütün səviyyələrdə müasir futbolun nümayişi idi: topa nəzarət, yüksək və aqressiv pressinq, sürətli hücumlar. PSJ-nin ən yaxşı futbolçuları möhtəşəm çıxış etdilər. İlk hissə əsl şah əsəri idi.
İkinci hissə isə əvvəlki qədər yaxşı alınmadı. Luis Enrikenin də düzgün qeyd etdiyi kimi, fasiləyə 3:0 hesablı üstünlüklə yollananda arxayınlıq yaranması qaçılmazdır. Bundan sonra “Mançester Siti”nin güclü təzyiqi ilə üzləşdik. PSJ çətin anlar yaşadı və həmin vaxt Safonov bir neçə möhtəşəm seyvlə komandasını xilas etdi.
Üstəlik, bütün bunlar səfərdə, “Mançester Siti”nin meydanında baş verdi. Ümumilikdə PSJ əsl ustad dərsi keçdi və Çempionlar Liqasındakı ən yaxşı oyununu nümayiş etdirdi”, - deyə Lizarazü bildirib.
Qeyd edək ki, PSJ ilk hissəni 3:0 hesablı üstünlüklə başa vursa da, fasilədən sonra iki qol buraxıb. Buna baxmayaraq, Paris klubu səfərdə 4:2 hesablı qələbə qazanıb.
