Luis Enrikenin qızı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin iştirakçısı olub

10 Oktyabr 2026 18:13
76
Luis Enrikenin qızı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin iştirakçısı olub

PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ölümə səbəb olan yol-nəqliyyat hadisəsində iştirak edən avtomobildə olub.

İdman.Biz xəbər verir ki, bu barədə İspaniyanın A Punt telekanalı məlumat yayıb.

Bildirilir ki, qəza oktyabrın 8-də axşam saatlarında La-Safor bölgəsində baş verib. Hadisə zamanı motosikletlə minik avtomobili toqquşub. Avtomobildə Sira Martines də olub, lakin sükan arxasında başqa şəxs əyləşib.

Hadisə yerinə gələn tibb işçiləri motosiklet sürücüsünə kömək edə bilməyiblər. O, həkimlər hadisə yerinə çatana qədər həyatını itirib. Hazırda hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.

Avtomobili idarə edən şəxs alkoqol və narkotik maddələrin təsirinə dair testdən keçirilib. Nəticələr mənfi olub. Sira Martines isə xəsarət almayıb.

Hadisənin bütün təfərrüatları aydınlaşdırılanadək sükan arxasında olan şəxs iş üzrə şübhəli statusunda qalır.

İdman.Biz