Vəli Qasımov: “Neftçi” “Sabah”dan bir qədər üstün görünürdü”

10 Oktyabr 2026 17:55
80
Vəli Qasımov: “Neftçi” “Sabah”dan bir qədər üstün görünürdü”

“Uzun fasilədən sonra yenidən oyunlara köklənmək bir qədər çətin olsa da, hər iki komanda maraqlı və baxımlı futbol nümayiş etdirdi”.

Bu sözləri veteran futbolçu Vəli Qasımov deyib.

Mütəxəssis Misli Premyer Liqasının yeddinci turunun mərkəzi qarşılaşması olan “Neftçi” - “Sabah” oyunu ilə bağlı fikirlərini bölüşüb.

“Qarşılaşma kifayət qədər gərgin mübarizə şəraitində keçdi. Hər iki tərəf qələbə qazanmaq və meydandan istədiyi nəticə ilə ayrılmaq üçün əlindən gələni etdi. Bəlkə də nəticə baxımından istədiyimiz hesab qeydə alınmadı. Ola bilsin ki, milli fasilənin bu qədər uzun çəkməsi hər iki komandaya müəyyən mənada mane oldu. Çünki belə fasilələrdən sonra oyun ritmini bərpa etmək, əvvəlki tempi tutmaq və komanda şəklində istənilən səviyyədə çıxış etmək asan deyil. Futbolçuların yenidən rəsmi oyun atmosferinə uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Bununla belə, azarkeşlər maraqlı qarşılaşma izlədilər. Hər iki komandanın mübarizəsi diqqət çəkirdi. Ancaq ümumi oyun mənzərəsinə nəzər salsaq, “Neftçi” oyun ərzində “Sabah”dan bir qədər üstün görünürdü. Buna baxmayaraq, futbolda üstün oynamaq heç də həmişə istənilən nəticəni əldə etmək demək deyil. Əsas məsələ yaranan imkanlardan maksimum yararlanmaqdır. Ümumilikdə, hər iki komandanın çıxışını nəzərə alsaq, maraqlı mübarizənin şahidi olduq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Palms Sports Arena”da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

İdman.Biz