“Fənərbağça” futbol klubu milli komandaların oyunları ilə əlaqədar yarana fasilədən həm qələbə, həm də komanda daxilində müsbət ab-hava ilə çıxıb.
İdman.Biz xəbər verir ki, Türkiyə mediası İstanbul təmsilçisinin Azərbaycanda “Turan Tovuz”la keçirdiyi yoldaşlıq görüşünün kollektivə müsbət təsir etdiyini yazır.
Yazının əvvəlində qeyd olunur ki, "Sarı-lacivərdlilər" fasilədən əvvəl çempionatda ardıcıl xal itkiləri yaşasa da, “Eyüpspor”u 8:0 hesabı ilə məğlub edərək milli komandaların oyunları üçün yaranan fasiləyə yüksək əhval-ruhiyyə ilə yollanmışdı.
"Bundan sonra Bakıda keçirilən görüş komandanın həm futbolçular, həm də rəhbərlik səviyyəsində daha da birləşməsinə şərait yaradıb.
“Fənərbağça”nın prezidenti Aziz Yıldırımın komanda ilə birlikdə Bakıya gəlməsi də diqqət çəkən məqamlardan biri olub. Klub rəhbərinin səfərdə kollektivlə birgə olması rəhbərliyin komandaya dəstəyinin göstəricisi kimi qiymətləndirilib. “Turan Tovuz”un təşkil etdiyi dostluq yeməyində futbolçular və rəhbərlik arasında səmimi görüntülərin ortaya çıxması da Türkiyə mediasının diqqətindən yayınmayıb" - müəllif qeyd edir.
Türkiyə mətbuatında qeyd olunur ki, Azərbaycandakı qarşılaşma “Fənərbağça” üçün yalnız nəticə baxımından deyil, komanda daxilində birlik və qarşıdakı sıx oyun qrafikinə hazırlıq baxımından da faydalı olub. Bakıda keçirilən görüşün kollektivdə yeni səhifənin açılmasına və futbolçuların mənəvi cəhətdən toparlanmasına müsbət təsir etdiyi vurğulanır.
Komandanın heyətində də müsbət məqamlar olub. Marko Asensio zədədən sonra meydana qayıdaraq məşqçilər korpusuna əlavə seçim imkanı verib. Kosovo millisinin düşərgəsində zədələnən Vedat Muriqinin vəziyyətinin yaxşı olduğu və onun “Çaykur Rizespor”la qarşılaşmada oynaya biləcəyi də “Fənərbağça” üçün sevindirici xəbər kimi dəyərləndirilir.
Romelu Lukakunun Belçika millisindəki çıxışı və hücum xəttində seçim imkanlarının artması da İstanbul klubunda müsbət qarşılanır. Türkiyə mediasının fikrincə, Bakıda keçirilən yoldaşlıq görüşü bütün bu amillərin fonunda “Fənərbağça” üçün uğurlu fasilənin mühüm hissələrindən birinə çevrilib.
Xatırladaq ki, iki gün əvvəl, oktyabrın 3-də “Fənərbağça” Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”la qarşılaşıb. Görüşdə İstanbul klubu 2:0 hesabı ilə qalib gəlib.
