“Şükürlər olsun ki, belə bir çətinliyim olmayıb”.
Bunu Türkiyənin “Bursaspor” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Toral Bayramov futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– “Bursaspor”da işləriniz necə gedir? Komanda böyük ambisiyalarla Superliqaya doğru mübarizə aparır. Ab-hava necədir?
– “Bursaspor”da çox şükür, hər şey çox yaxşıdır. Komandada ab-hava yüksək səviyyədədir. “Bursaspor”u layiq olduğu yerə gətirmək üçün nə lazımdırsa, edəcəyik.
– Türkiyə Birinci Liqasında gərgin mübarizə gedir. Bu liqanı Azərbaycan çempionatı ilə müqayisə etsək, hansı daha güclüdür?
– Çox gərgin mübarizə var. Bütün komandaların hədəfləri yüksəkdir və hamı meydana yalnız qələbə üçün çıxır. Bu da liqanı daha maraqlı edir. Məncə, əsas səbəblərdən biri komandaların sayının çox olmasıdır. Amma Türkiyə Birinci Liqasını Azərbaycan çempionatı ilə müqayisə etmək düzgün olmaz.
– İlk dəfədir legioner həyatı yaşayırsınız. Bu, sizə necə təsir edir? Uyğunlaşmaq çətin deyil?
– Şükürlər olsun ki, belə bir çətinliyim olmayıb. Komanda yoldaşlarım, məşqçilər və rəhbərlik bu istiqamətdə mənə çox kömək oldular. Ona görə də hər hansı ciddi çətinlik hiss etməmişəm. Sadəcə, komandadakı sistemə alışmaq bir qədər vaxt alır və bu, çox normaldır. İllərdir eyni sistemdə, eyni oyunla və eyni futbolçularla birlikdə oynamışam. İndi buna uyğunlaşmaq bir qədər çətin gəlir. Amma getdikcə hər şey düzəlir. Ümumilikdə, hər şey çox yaxşıdır.
– Futbola “Xəzər Lənkəran”da başlamısınız. “Bursaspor”la “Xəzər Lənkəran” vaxtilə qardaşlaşmış klublar idi. Hər iki komandanın rəngləri də ağ və yaşıldır. Bu, sizə nostalji yaşadırmı?
– Açığı, Lənkəranla “Bursaspor”un qardaş klub olduğunu bilmirdim. Amma ümumilikdə “Xəzər Lənkəran”ın məndə yeri tamam başqadır. Uşaq vaxtı orada çox gözəl və unudulmaz xatirələrim olub. Formalarının bir-birinə bənzəməsi də hardasa xoş təsir bağışlayır.
– “Qarabağ” avrokuboklarda qrup mərhələsinə düşə bilmədi. Sizcə, bunun səbəbi nə oldu?
– “Qarabağ”ın uğurlarını hər zaman necə istəmişəmsə, indi də fikrim dəyişməyib. Son oyundan sonra çox pis oldum. Özümü bir anlıq da olsa, orada hiss etdim və onlarla birlikdə üzüldüm. “Qarabağ” hər zaman ən yaxşısına layiqdir. İnanıram ki, Qurban Qurbanov yenidən o əzmkar komandanı formalaşdıracaq. Allahın izni ilə hər şey yaxşı olacaq.
– “Sabah” barədə nə düşünürsünüz?
– “Sabah” çox böyük uğur əldə etdi. Həm ölkəmiz adına, həm də öz adlarına böyük nəticədir. Onlar da ölkəmizi təmsil edirlər. İnşallah, bu yolda onlara uğurlar arzulayıram. Oyunlarını da izləyirəm və bundan sonra da dəstəkləyəcəyəm.
