Zinəddin Zidan və “Adidas” fransalı futbol əfsanəsinin brendlə əməkdaşlığının 30 illiyinə həsr olunmuş “Predator” adlı butslarının xüsusi versiyasını təqdim edib. “Predator” “Adidas”ın futbol üçün hazırladığı məşhur buts (futbol ayaqqabısı) seriyasının adıdır.
İdman.Biz xəbər verir ki, Zidan “Predator”un simalarından biridir. Məhz bu butslarla o, 1998-ci ildə dünya çempionu olub. 2006-cı ildə isə Fransa millisinin heyətində dünya çempionatının finalına məşhur qızılı rəngdə “Predator” butslarla çıxıb.
“Adidas”ın hazırladığı xüsusi modeldə müasir texnologiyalarla yanaşı, Zidanın karyerasının əsas məqamları da öz əksini tapıb.
Butslar ağ-qızılı rənglərdə hazırlanıb. Xarici hissədə Fransa millisindəki uğurlarına istinad edən mavi, ağ və qırmızı elementlər yer alıb.
Bükülən dilçəyin üzərində Zidanın xüsusi qızılı loqosu yerləşdirilib. Loqonun dizaynı fransalı futbolçunun 2002-ci il Çempionlar Liqasının finalında vurduğu məşhur qoldan ilhamlanıb.
Dilçəyin altındakı elastik qayışlarda Zidanın futbol karyerasının coğrafiyası şifrələnib. Sağ butsun üzərində onun peşəkar karyerasında mühüm rol oynayan şəhərlərin adları qeyd olunub.

Sol butsun üzərində isə gələcək futbol əfsanəsinin uşaqlıq və yeniyetməlik illərinin keçdiyi Marsel şəhərinin rayonlarının adları yazılıb.
Xüsusi “ZZ30” işarəsi isə “Adidas”la Zidan arasındakı əməkdaşlığın 30 illiyini simvolizə edir.
Məhdud sayda istehsal olunan kolleksiya 8 sentyabrda satışa çıxarılacaq. Bir cütün təxmini qiyməti 300 avro (592 AZN) təşkil edəcək.

