“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a 0:1 hesablı məğlubiyyətdən sonra komandasının çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonrakı mətbuat konfransında əvvəlcə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. Daha sonra oyunun gedişindən və futbolçularının meydandakı fəaliyyətindən danışıb:
“Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Ümumən futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir kollektivə qarşı oynayırdıq. Rəqibə qapımızda yüz faizli qol epizodu yaratması üçün şərait yaratmadıq. Autdan sonra top bizə keçdi, sonra onlara, nəticədə qol oldu. Yəqin bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. “Turan Tovuz” bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda milli fasilə olacaq. Bundan faydalanmağa çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.
Qurbanov komandasının yaratdığı qol imkanlarından yararlana bilməməsinə də toxunub. Baş məşqçi problemi bəxtsizliklə əlaqələndirmək istəmədiyini, hücumçuların daha soyuqqanlı və dəqiq oynamalı olduqlarını bildirib:
“Hər ad vermək olar. Daha diqqətli olmaq lazımdır. Bəxtsizlik demək istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı olmalıdırlar. Əvvəllər də demişdim ki, bir-birimizi tamamlamaqda çatışmazlıqlar var. İstənilən rəqib liderlərə qarşı daha yığcam, daha sağlam müdafiə olunur. Bu, onların qarşılarına qoyduğu ilk oyun fəlsəfəsidir. Belə rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır”.
Ağdam təmsilçisinin uzun fasilədən sonra “Azersun Arena”da meydana çıxması da müzakirə mövzusu olub. Qurbanov stadion dəyişikliyinin məğlubiyyətə təsir göstərməsi ehtimalını qəbul etməyib. O, komandasının əvvəllər də bu arenada oynadığını və “Turan Tovuz”a başqa stadionda da məğlub olduğunu xatırladıb:
“Xeyr, deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma arenamızdır. “Turan Tovuz”a Tofiq Bəhramov adına Respublika Stadionunda da məğlub olmuşuq. Bu, futboldur. Pozitiv şəkildə önə baxmaq lazımdır”.
Baş məşqçi yeni futbolçuların komandaya uyğunlaşmasının gözləniləndən uzun çəkməsi məsələsinə də münasibət bildirib. Qurbanov bu prosesin daha tez başa çatacağını düşündüyünü gizlətməsə də, son oyunlarda müsbət dəyişikliklər gördüyünü söyləyib:
“Bəlkə də gözləmirdim. Amma yaxşı hisslər var. Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar. Zədəli futbolçularımız da olmuşdu. Son vaxtlar pozitiv oyun görürəm. Düzəltməyə çalışacağıq”.
Qeyd edək ki, “Azersun Arena”da keçirilən görüşün yeganə qolunu 80-ci dəqiqədə “Turan Tovuz”un futbolçusu Roderik Miller vurub.
