“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 11-ci turunda səfərdə “Qarabağ” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında nəticədən razı qaldığını, lakin komandasının çətin oyun keçirdiyini etiraf edib.
“Aydın məsələdir ki, qələbəyə görə şadıq. Amma çox şeydən keçməli olduq, müdafiədə çox oynadıq. “Qarabağ” çox güclü komandadır”.
Berdiyev komandasının çempionatın liderləri ilə qarşılaşmalarda məğlub olmamasına da münasibət bildirib. O, bunu birbaşa yüksəliş kimi qiymətləndirməyin çətin olduğunu söyləyib:
“Bunu birbaşa demək çətindir. Hər oyun xüsusi hazırlıqdır. Mən daha çox uşaqlara görə sevinirəm. Onlar özlərinə inandılar ki, liderlərə qarşı oynamaq olur. İstənilən oyun fərqli cərəyan edir”.
Baş məşqçi Faiq Hacıyevin komandadakı gələcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, futbolçu məşqlərdə yaxşı təsir bağışlasa da, hazırda həmin mövqedə Xorxe Silva çıxış edir:
“Faiq digər oyunçular kimi komandamızın üzvüdür. Hamı öz şansını gözləyir. Faiq çox yaxşı məşq edir. Amma onun mövqeyində Xorxe Silva oynayır, o da yaxşı təsir bağışlayır”.
“Turan Tovuz”un çempionluq uğrunda mübarizə aparması üçün hansı mövqelərə yeni futbolçuların lazım olduğu barədə verilən suala cavabında Berdiyev transfer məsələlərinin onun səlahiyyətində olmadığını vurğulayıb:
“Bu mənə ünvanlanmış sual olmamalıdır. Klub prezidentinə ünvanlasaz, daha yaxşıdır. Bu məsələlərə mən baxmıram”.
