“İmişli” futbol klubu Misli Premyer Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. “Pələnglər” Sumqayıtda debütant “Şəfa”ya qalib gəlib - 1:0.
Matçda yeganə qolu vuran Seyxan Fərəcov təəssüratlarını bölüşüb.
“Premyer Liqada qol hesabımı açdığım üçün çox xoşbəxtəm. Bu qol sayəsində qələbə qazanmağımız ikiqat sevindiricidir”, - deyə o futbolpress.az-a açıqlamasında vurğulayıb.
Hücumçu komandadakı atmosferdən söz açıb:
“Kimin qol vurmağının çox əhəmiyyəti yoxdur. Biz bir ailəyik və vacib olan komandanın yaxşı nəticələr qazanmasıdır. Hər gün çox çalışır, məşqlərdə, oyunlarda bütün gücümüzü qoyuruq. İstəyirik ki, komandamız inkişaf etsin. Baş məşqçimiz Fərid Namazov mənə güvənir və onun inamını sarsıtmamaq üçün çox səy göstərib, daha da güclü olacağam”.
Seyxan sonda qolu kimə həsr etdiyini açıqlayıb:
“Qolumu ailəmə və mənə inananlara həsr edirəm”.
