İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt futbola əvvəlki marağını itirdiyini etiraf edib.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, mütəxəssis məşqçilik fəaliyyətinə qayıtmaq, xüsusilə İngiltərə Premyer Liqasında çalışmaq ehtimalını dəyərləndirib.
“Premyer Liqada işləmək? Düşünmürəm ki, bu, yaxın vaxtlarda baş versin. Belə bir ssenarini təsəvvür etmirəm. İngiltərə millisindəki fəaliyyətimin sonlarına yaxın artıq futboldan zövq almırdım. Bütün diqqətimi qələbələr qazanmağa yönəltmişdim. Lakin nəticədə qələbələr məni yalnız final fitindən dərhal sonra sevindirirdi.
İndi futbola əvvəlkindən xeyli az baxıram. İngiltərə Kubokunun finalında olmuşdum və “Kristal Palas”ın ilk titulunu necə qazandığını görmüşdüm. Bundan sonra bir dəfə də stadiona getməmişəm. Futbolda işləmək istəyim xeyli dəyişib”, - deyə Sautqeyt bildirib.
Qeyd edək ki, Sautqeytin rəhbərliyi altında İngiltərə millisi 2020 və 2024-cü illərdə Avropa çempionatının finalına yüksəlib.
