“Real Madrid”də gözlənilməz təyinat: Superliqa layihəsinin rəhbəri kluba gətirildi

15 Oktyabr 2026 22:54
97
“Real Madrid”də gözlənilməz təyinat: Superliqa layihəsinin rəhbəri kluba gətirildi

“Real Madrid” rəhbərliyində yeni təyinat həyata keçirilib. Avropa Superliqası layihəsinin tanınmış simalarından olan Bernd Rayxart klubun biznes əməliyyatları üzrə rəhbəri vəzifəsinə gətirilib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı funksioner uzun müddətdir vakant qalan vəzifəni tutacaq.

Rayxart “Real Madrid”in kommersiya fəaliyyətinin əsas istiqamətlərinə, o cümlədən “Santyaqo Bernabeu” stadionunun biznes əməliyyatlarına, sponsorluq müqavilələrinə və klubun rəsmi məhsullarının satışına nəzarət edəcək.

O, fəaliyyətində birbaşa klubun baş direktoru Xose Anxel Sançesə tabe olacaq.

Yeni rəhbər daha çox Avropa Superliqası layihəsindəki fəaliyyəti ilə tanınır. Rayxart 2022-ci ilin oktyabrından layihənin təşkilatçısı olan “A22 Sports Management” şirkətinin baş direktoru vəzifəsini icra edib.

Almaniyalı funksioner bundan əvvəl RTL media qrupunda və İspaniyanın “Atresmedia” televiziya şirkətində yüksək rəhbər vəzifələrdə çalışıb.

Rayxartın idman yayım hüquqları, media və kommersiya idarəçiliyi sahələrindəki təcrübəsinin “Real Madrid”in biznes fəaliyyətində istifadə olunacağı gözlənilir.

İdman.Biz